AZ

Hörmüz boğazı: qlobal enerji bazarının “şah damarı”

Bakı, 14 aprel, AZƏRTAC

Hazırda dünyada baş verən hərbi-siyasi gərginliklər fonunda beynəlxalq münasibətlər sistemi mürəkkəb və qeyri-müəyyən mərhələdən keçir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrail-İran gərginliyi kimi münaqişələr qlobal təhlükəsizlik mühitinə ciddi təsir edir. Təbii ki, bu proseslər iqtisadi sahədə də özünü göstərməklə enerji bazarlarında qeyri-sabitliyə və qiymət dalğalanmalarına yol açır. 2022-ci ilin fevral ayının 24-dən aktiv fazaya keçən Rusiya-Ukrayna müharibəsi xüsusilə Avropa bazarında çətinliklərə səbəb olsa da, bu ilin fevralın 28-də başlayan ABŞ-İran münaqişəsi qlobal enerji bazarında köklü dəyişikliklərə səbəb oldu. Münaqişənin ilkin mərhələsində hərbi əməliyyatların siyasi sistemdə transformasiya, eləcə də hərbi-strateji imkanların məhdudlaşdırılması kimi prioritet məqsədlərlə xarakterizə olunsa da, prosesin uzanması əməliyyatların mahiyyətində və hədəflərində əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Belə ki, hazırda əsas diqqətin Hörmüz boğazının strateji-iqtisadi imkanlarına yönəldiyi müşahidə edilir. Bu, münaqişənin daha çox iqtisadi və maliyyə maraqları müstəvisində formalaşdığını göstərir.

Bu fikirlər AMEA-nın Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədovun AZƏRTAC-a təqdim etdiyi “Hörmüz boğazı: qlobal enerji bazarının “şah damarı” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, sözügedən münaqişə region ölkələrinin sosial-iqtisadi sabitliyinə ciddi mənfi təsir göstərməklə yanaşı, eyni zamanda, qlobal iqtisadi sistemdə zəncirvari və genişmiqyaslı effekt yaratdı. Hörmüz boğazı həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyətə malik strateji su yoludur. Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən bu boğaz vasitəsilə dünya bazarına gündəlik 20 milyon bareldən çox xam neft nəql olunur ki, bu da qlobal enerji bazarında neftə olan tələbatın təqribən 20 faizini təşkil edir. OPEC ölkələrinin ixrac etdiyi neftin böyük hissəsi də məhz bu marşrut vasitəsilə dünya bazarına çatdırılır. Bu səbəbdən sözügedən strateji enerji daşınma dəhlizində baş verə biləcək hər hansı gərginlik qlobal enerji qiymətlərinə birbaşa mənfi təsir göstərir. Bu isə boğazın yüksək iqtisadi risk və geosiyasi həssaslıq səviyyəsinə malik olduğunu nümayiş etdirir.

Eni təxminən 39 km, gəmiçilik zolağının isə cəmi 3 km təşkil edən bu dar, lakin strateji əhəmiyyətə malik su yolu yalnız enerji təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda, qlobal ticarət dövriyyəsinin 4.5 faizini təşkil etməklə, beynəlxalq ticarət sistemində mühüm rol oynayır. Belə ki, Körfəzdə yerləşən zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrdən ixrac olunan neft və təbii qazla yanaşı, digər strateji məhsulların (gübrə, qiymətli metallar, alüminium, sement və s.) daşınması da əsasən bu marşrut vasitəsilə həyata keçirilir. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında zəruri hesab edilən gübrə ixracı üçün Hörmüz boğazı əvəzsiz nəqliyyat yoludur. Hazırda dünyada gübrə ticarətinin təqribən 30 faizi məhz bu boğaz vasitəsilə nəql edilir. Bütün bunları nəzərə alsaq, bu su yolunda yarana biləcək hər hansı fasilə kənd təsərrüfatında məhsuldarlığın azalmasına, qiymət artımına və nəticə etibarilə qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu mənfi hallar xüsusilə Cənub-Şərqi Asiya və Afrika regionunda yerləşən və idxaldan asılı inkişaf etməkdə olan ölkələrin əhalisinin ərzaq çatışmazlığı problemi ilə üzləşə biləcəyi riskini artırmış olur.

Belə ki, qlobal ərzaq təhlükəsizliyi ilə bağlı BMT-nin ən böyük humanitar yardım təşkilatlarından biri olan Ümumdünya Ərzaq Proqramının (World Food Programme - WFP) məlumatlarına əsasən münaqişənin uzanması səbəbindən yaxın gələcəkdə 45 milyon əhalinin kəskin aclıqla üzləşə biləcəyi proqnozlaşdırılır. Nəzərə alsaq ki, münaqişədən öncə boğazdan gündəlik orta hesabla 150-200 gəmi keçdiyi halda, hazırda bu göstərici 10-dan artıq deyil. Bu səbəbdən, yüzlərlə gəmi körfəzdə gözləmə mövqeyində qalmaqdadır. Bunun ağır nəticəsidir ki, hazırda bir çox ölkələrdə yanacaq çatışmazlığı səbəbindən həyacan təbili çalınır. Xüsusilə Çin, Yaponiya, Hindistan və Avropa ölkələrində neft və təbii qaz təchizatında yaranan fasilələr enerji qiymətlərinin kəskin artmasına, sənaye istehsalında ləngimələrə və əhalinin gündəlik enerji tələbatının ödənilməsində çətinliklərə səbəb olub.

Mövcud münaqişənin davam edəcəyi təqdirdə, qlobal iqtisadiyyata təsir edə biləcək digər risklərdən biri də Hörmüz boğazı ilə uzanan sualtı internet kabellərinin zərər çəkməsi təhlükəsidir. Məlumdur ki, qlobal internet trafikinin təqribən 95 faizi məhz sualtı vasitəsilə həyata keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - İTU) məlumatlarına əsasən, Hörmüz boğazı vasitəsilə iyirmiyə yaxın kabel keçir ki, bu da ümumdünya üzrə qitələrarası beynəlxalq internet trafikinin təqribən 20-25 faizini təşkil edir. Bu səbəbdən hər hansı təhlükə və ya pozuntu halı baş verdikdə mövcud internet sürətində əhəmiyyətli azalma müşahidə oluna, alternativ rabitə xətlərində isə həddindən artıq yüklənmə yarana bilər. Bu isə beynəlxalq bank əməliyyatlarına, onlayn ticarətə və fond birjasına ciddi mənfi təsir göstərə bilər. Nəticədə valyuta mübadiləsi, səhmlərin alqı-satqısı və ümumilikdə maliyyə bazarlarının fəaliyyəti xeyli zəifləyəcək. Yekunda bu, həm valyutaların, həm də səhmlərin qiymətində kəskin ucuzlaşmaya, dəyər itkisinə və inflyasiya təzyiqinin artmasına səbəb olacaq.

Təəssüf ki, mövcud münaqişə ocaqları Azərbaycanın sərhəd qonşularını əhatə edir. Bu isə qlobal iqtisadi sistemə inteqrasiya edən ölkə iqtisadiyyatına da müəyyən mənada öz təsirlərini göstərə bilər. Bununla belə, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət nəticəsində mövcud çağırışların təsiri minimuma endirilir və aradan qaldırılır. Xüsusilə nəzərə alsaq ki, II Qarabağ müharibəsindən sonrakı dövrdə öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş bir dövlət kimi bu şəraitdə inkişafın davam etdirilməsi strateji və iqtisadi cəhətdən mühüm vəzifədir.

Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi müstəvidə öz mövqeyini daha da gücləndirir. Bu yanaşma xüsusilə enerji sektorunda özünü daha aydın şəkildə göstərir. Ən başlıcası isə ənənəvi enerji mənbələrindən asılılığın tədricən aradan qaldırılması, enerji tədarükünün diversifikasiyası məqsədilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlətin prioritetləri sırasındadır. Belə ki, enerji sektorunda bərpaolunan enerji payının artırılması məqsədilə bu sahə üzrə ixtisaslaşmış dünyanın qabaqcıl şirkətləri, eyni zamanda, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində mühüm layihələr icra olunmaqdadır. Bu layihələrin icrası enerji təchizatının davamlı və dayanıqlı şəkildə həyata keçirməklə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Eyni zamanda, ekoloji tarazlığın qorunması baxımından karbon emissiyasının azaldılması, həmçinin ölkənin sosial-iqtisadi inkişafı istiqamətində yeni iş yerlərinin yaradılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.

Seçilən
18
3
azertag.az

10Mənbələr