AZ

Mahinur Özdemir Göktaş: Rəqəmsallaşma qadınlara innovativ fəaliyyət sahələrində iştirak imkanı yaradır

Bakı, 14 aprel, AZƏRTAC

Dünya iqtisadiyyatı sürətlə rəqəmsallaşır. Bu proses yalnız texnoloji dəyişiklik deyil, eyni zamanda, iqtisadi və sosial münasibətlərin yenidən formalaşması deməkdir. Bu baxımdan, qadınlar bu transformasiyanın mərkəzində dayanır.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

Nazir qeyd edib ki, qadınların məşğulluğu yalnız fərdi rifahı deyil, bütövlükdə ailələrin və cəmiyyətlərin güclənməsini təmin edir.

“Rəqəmsallaşma qadınlar üçün yeni imkanlar açır. Bu imkanlar onlara daha çevik iş şəraiti, bazarlara daha geniş çıxış və innovativ fəaliyyət sahələrində iştirak imkanı yaradır. Xüsusilə rəqəmsal platformalar vasitəsilə qadın sahibkarlar öz məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim edə bilirlər. Eyni zamanda, rəqəmsal iqtisadiyyat qadınların iqtisadi müstəqilliyini gücləndirir, onların qərarvermə proseslərində iştirakını artırır və sosial mövqelərini möhkəmləndirir. Bu səbəbdən, qadınların rəqəmsal bacarıqlarının inkişafı, texnologiyalara çıxış imkanlarının genişləndirilməsi və onların innovativ sahələrdə iştirakının təşviqi xüsusi əhəmiyyət daşıyır”,- deyə Mahinur Özdemir Göktaş vurğulayıb.

Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov
Fotoqraf-Azər İbrahimov
Operator-İlham Nadirov
Seçilən
11
1
azertag.az

3Mənbələr