ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
WUF13 (BMT-nin Ümumdünya Şəhərsalma Forumu) şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və urbanizasiya problemlərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir. Bu forum şəhərlərin daha yaşana bilən, ekoloji cəhətdən dayanıqlı və inklüziv inkişafına dair qlobal təcrübələrin bölüşülməsinə imkan yaradır. 2026-cı il 17–22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü seriyası (WUF13) da bu baxımdan xüsusi önəm daşıyır.WUF13-ün əsas əhəmiyyəti nədən ibarətdir və bu forum şəhərlərin inkişafına hansı töhfələri verir?
Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, WUF13-ün Bakıda keçirilməsi yerli akademik və elmi mühit üçün geniş imkanlar açır: “Ümumdünya Şəhərsalma Forumu 13 (WUF13) şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və müasir urbanizasiya çağırışlarının müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır. 2026-cı ilin 17–22 may tarixlərində bu mötəbər forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyində artan rolunun bariz göstəricisidir.
Qeyd etmək istərdim ki, WUF13 yalnız müzakirə platforması deyil, eyni zamanda şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən mühitlərə çevrilməsi istiqamətində real yanaşmaların formalaşdırıldığı mühüm beynəlxalq mexanizmdir. Forum çərçivəsində müxtəlif ölkələrin qabaqcıl təcrübələrinin paylaşılması, innovativ şəhərsalma modellərinin təqdim olunması və bu sahədə yeni əməkdaşlıq imkanlarının yaranması urbanizasiya proseslərinin daha effektiv idarə olunmasına ciddi töhfə verir.
Bu cür qlobal platformalar şəhərsalma siyasətinin yalnız nəzəri müstəvidə deyil, praktiki müstəvidə də inkişafına xidmət edir. Burada formalaşan yanaşmalar və tövsiyələr bir çox ölkələrin milli inkişaf strategiyalarına inteqrasiya olunur, şəhərlərin planlaşdırılması və idarə olunmasında yeni baxışların tətbiqinə şərait yaradır. Xüsusilə iqlim dəyişiklikləri, resursların səmərəli idarə olunması, sosial inklüzivlik və urban mühitin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər bu forumun əsas prioritet istiqamətləri sırasındadır.
WUF13-ün Bakıda keçirilməsi yerli akademik və elmi mühit üçün də geniş imkanlar açır. Bu, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ixtisaslaşmış ali təhsil müəssisələri üçün beynəlxalq təcrübənin öyrənilməsi, elmi-tədqiqat əməkdaşlıqlarının genişləndirilməsi və müasir şəhərsalma yanaşmalarının tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışların formalaşdığı, innovativ ideyaların və praktik həllərin müzakirə olunduğu strateji platforma olmaqla, urbanizasiya proseslərinin daha dayanıqlı və balanslı inkişafına xidmət edən əsas beynəlxalq təşəbbüslərdən biri kimi çıxış edir”.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.