Dünyanın ən zəngin iş adamlarının siyahısı açıqlanıb. Belə ki, siyahıda azərbaycanəsilli milyarderlər də yer alır.
AzNews.az xəbər verir ki, reytinqə əsasən, dünyanın ən varlı iş adamları sırasında Vahid Ələkbərov 81-ci pillədə qərarlaşıb və onun sərvəti 29,5 milyard dollardır. Vahid Ələkbərovun uğur yolu sadə işçi kimi başlayıb. O, əvvəlcə Xəzər dənizində neft platformasında işləyib, daha sonra Sovet dövründə neft sənayesinə rəhbərlik edən qurumda nazir müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə o, üç böyük neft yatağını birləşdirərək Lukoil şirkətini yaradıb. Bu gün şirkət Rusiyanın ən iri müstəqil neft istehsalçılarından biridir. Ələkbərov uzun illər bu şirkətə rəhbərlik edib və onun təxminən 30 faizinə sahib olub. 2014-cü ildə Lukoil ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə isə Böyük Britaniya tərəfindən sanksiya tətbiq olunduqdan sonra Ələkbərov şirkət prezidenti vəzifəsindən ayrılıb. Həmin il o, Niderlanddakı Heesen Yachts zavodundakı payını da fonda ötürüb.
837 və 838-ci yerlərdə isə Qod Nisanov və Zarah İliyev yer alır. Onların hər birinin sərvəti 5,1 milyard dollardır.
Qod Nisanov və Zarah İliyev Rusiyanın paytaxtı Moskvada ən böyük daşınmaz əmlak sahiblərindən hesab olunurlar. Azərbaycandan köçən tərəfdaşlar burada iri ticarət mərkəzləri, hotellər və yaşayış kompleksləri tikiblər. Onların ümumi daşınmaz əmlak portfeli təxminən 14 milyon kvadrat metr təşkil edir. Sahibkarlar Moskvada böyük topdansatış mərkəzi - “Food City”ni yaradıblar və şəhər ətrafında bir sıra iri ticarət obyektlərinə sahibdirlər. Zarah İliyev həmçinin məşhur “Radisson Royal Moscow” otelinin ortaq sahibidir. Bu hotel 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı FIFA-nın əsas qərargahlarından biri kimi istifadə olunub.