AZ

Neft sürətlə bahalaşır, 150 dollarlıq hədd yenidən keçilir



OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişdirməyib. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1,38 milyon barel artaraq gündəlik 106 milyon 530 min barelə çatacağı gözlənilir. Qeyri-OPEC ölkələrində tələbatın 1,26 milyon barel artaraq sutkalıq 60 milyon 460 min barel, OPEC ölkələrində isə 130 min barel artaraq gündəlik 46 milyon 70 barel olacaq.

2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1,34 milyon barel artaraq sutkada 107 milyon 870 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Amma belə bir vaxtda Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda Avropada fiziki bazarda xam neftin qiymətləri rekord həddə yüksəlib. ABŞ-ın Hərbi Dəniz Qüvvələri İranın ixracını məhdudlaşdıracaq blokadaya hazırlaşır, tədarük çatışmazlığı ilə bağlı narahatlıq artır. Bu vəziyyətdə etalon "Brent" neftinin bir barelinin qiyməti 100 dolları keçib. Dərhal çatdırılma üçün fiziki neftin qiyməti isə rekord göstəriciyə, 150 dollara yaxınlaşır.

Qeyri-müəyyənlik fonunda Avropa və Asiyada alıcılar ehtiyatlarını tutmağa çalışırlar.Bir təhlilçi "Reuters"ə bildirib ki, fiziki bazar böyük təzyiq altındadır, real yüklərin qiymətləri maliyyə bazarlarında müşahidə olunan qiymətlərdən xeyli yüksəkdir.

Qeyd edildiyi kimi neftin barelinin qiyməti 100 dolları keçib. Buna ABŞ-ın Hörmüz boğazından keçərək İrana daxil olan və çıxan gəmiləri bloklamağa hazırlaşması səbəb olub. Vaşinqton və Tehran müharibəni dayandırmağı hədəfləyən danışıqlarında razılaşma əldə edə bilməyib. Vaşinqtonun gözlənən addımı isə İrandan neft ixracını məhdudlaşdıra bilər. Dərhal da "Brent" neftinin fyuçersləri bir barel üçün 6.67 dollar və ya 7 faiz artaraq 101.87 dollara yüksəlib. Halbuki, aprelin 10-da qiymətdə 0.75 faiz eniş baş vermişdi. ABŞ-ın "West Texas Intermediate" markalı neftinin qiyməti isə 7.26 dollar və ya 7.5 faiz artaraq 103.83 dollara çatıb. Ötən həftəsonu bu neft 1.33 faiz ucuzlaşmışdı. "MST Marquee" şirkətinin enerji tədqiqatları üzrə rəhbəri Saul Kavonikin fikrincə, bazar atəşkəsdən əvvəlki vəziyyətə qayıdır: "Fərq ondadır ki, indi ABŞ Hörmüz boğazı vasitəsilə gündəlik 2 milyon bareləcən İranla əlaqəli nefti bloklayacaq". ABŞ prezidenti Donald Trampneft və benzinin qiymətinin noyabrda aralıq seçkilərə qədər yüksək qala biləcəyini əlavə edib. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib ki, Hörmüz boğazına hər hansı hərbi gəmi yaxınlaşmağa cəhd etməsi ABŞ-ın atəşkəsi pozması sayılacaq və buna sərt cavab veriləcək. Təhlükəsiz aktiv kimi qiyməti yüksələn qızıl 2 faiz ucuzlaşıb, ABŞ istiqrazlarına da təzyiq yaranıb.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr