AZ

ABŞ-də yük maşını sürücüləri rekord həddə bahalı yanacaq problemi ilə qarşılaşırlar

Bakı, 14 aprel, AZƏRTAC

Yükdaşımaları ABŞ iqtisadiyyatının barometridir. Baqqal mağazalarından fabriklərə və tikinti sahələrinə qədər müxtəlif istiqamətlərə mal daşıyan 3 milyondan çox amerikalı yük maşını sürücüsü son illərdə rekord səviyyədə yüksək dizel yanacağının qiymətləri ilə üzləşir. Bu misli görünməmiş yanacaq xərcləri neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan İranla müharibə ilə əlaqələndirilir.

AZƏRTAC xəbər verir ki, dizel yanacağı yük maşını sürücüləri üçün ikinci ən böyük xərcdir və İranda müharibənin başlamasından bəri ölkə üzrə orta pərakəndə satış qiyməti 1,89 dollar və ya 50 faiz artıb. Bu, Hörmüz boğazından keçən yükdaşımalarının faktiki olaraq dayandırılması fonunda baş verir.

Ekspertlər xəbərdarlıq ediblər ki, Kaliforniya və Texas da daxil olmaqla logistika mərkəzlərində dizel yanacağının qiymətləri rekord həddə çatması, habelə ABŞ və İran tərəfindən ötən həftə elan edilən atəşkəsin kövrək olması səbəbindən heç bir irəliləyiş gözlənilmir.

“Samsara” şirkətinin məlumatına görə, bazar ertəsindən etibarən ABŞ donanmaları dizel yanacağının hər qallonu üçün orta hesabla 5,52 dollar xərcləyirdi ki, bu da əvvəlki bütün zamanların ən yüksək həddi olan 5,50 dolları keçib. Miçiqan Dövlət Universitetinin təchizat zənciri idarəetməsi üzrə professoru Ceyson Millerin sözlərinə görə, heç bir şirkətin 2026-cı il büdcəsində hər qallonuna 5,60 dollar planlaşdırılan dizel yanacağının qiyməti nəzərdə tutulmayıb.

Aralıq seçkilər yaxınlaşdıqca, yüksək yanacaq qiymətləri Prezident Donald Tramp və onun Respublikaçılar partiyası üçün siyasi başağrısına çevrilib. Kaliforniya, Havay, Nevada, Şimali Karolina və Texas kimi ştatlarda Yaxın Şərq münaqişəsinin kəskinləşməsindən bəri dizel yanacağının qiymətləri rekord həddə çatıb.

“GasBuddy” şirkətinin neft bazarının təhlili rəhbəri Patrik DeHaan bildirib ki, ötən həftəsonu ABŞ və İran arasında atəşkəs danışıqlarının nəticəsiz qalmasından və neft qiymətlərinin kəskin şəkildə artmasından sonra sürücülər qiymətlərin daha bir artımına hazır olmalıdırlar.

Seçilən
14
1
azertag.az

2Mənbələr