ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 14-də ölkədə son vaxtlar internet üzərində tətbiq olunan məhdudiyyətlərin gücləndirilməsi ilə bağlı açıqlama verib.
Jurnalistlərin messencerlərin bloklanması və internetin məhdudlaşdırılmasının “keçmişə dönüş” olub-olmaması ilə bağlı sualını cavablandıran Peskov bildirib ki, o, bu fikirlə razı deyil. Onun sözlərinə görə, Prezident Vladimir Putin adından çıxış edərək vurğulayıb ki, hazırda “təhlükəsizlik mülahizələri zəruri tədbirlərin görülməsini diktə edir”.
Peskov əlavə edib ki, vətəndaşların əksəriyyəti bu tədbirlərin məqsədəuyğunluğunu və zəruriliyini anlayır. Lakin o, bu qənaətə hansı məlumatlar əsasında gəldiyini açıqlamayıb.
Kremlin sözçüsü etiraf edib ki, tətbiq olunan məhdudiyyətlər narahatlıqlar yaradır. Bununla belə, o qeyd edib ki, təhlükəsizlik tədbirlərinə ehtiyac aradan qalxdıqdan sonra hər şey bərpa olunacaq və normallaşacaq. Bunun konkret olaraq nəyi əhatə etdiyi isə açıqlanmayıb - xüsusilə bloklanmış resursların açılıb-açılmayacağına dair aydınlıq gətirilməyib.
Xatırladaq ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra ölkədə internet üzərində məhdudiyyətlər kəskin şəkildə artıb. Bu dövrdə yüz minlərlə sayt bloklanıb, həmçinin populyar sosial şəbəkələr və messencerlərə giriş məhdudlaşdırılıb. Son aylarda isə bu tədbirlər daha da sərtləşdirilib və hətta hakimiyyətə yaxın çevrələrdə belə tənqid olunmağa başlayıb. Xüsusilə “Telegram” platformasının bloklanması və bir çox regionlarda, o cümlədən Moskvada mobil internetin kəsilməsi ciddi rezonans doğurur. Son günlərdə bank tətbiqləri və digər rəqəmsal xidmətlərin işində dəfələrlə nasazlıqlar qeydə alınıb.
Rusiya hakimiyyəti internet məhdudiyyətlərini əsasən dələduzluqla mübarizə ilə izah edir. Bildirilir ki, bu cür fəaliyyətlər Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil oluna bilər. Bundan əlavə, internetin məhdudlaşdırılmasının pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədi daşıdığı da qeyd olunur. Bir sıra internet resursları isə Rusiya qanunvericiliyinə, o cümlədən faktiki tətbiq olunan senzura qaydalarına əməl etməməkdə ittiham edilir.
Mart ayında ölkədə “azad internet” tələbi ilə aksiyalara çağırışlar yayılmağa başlayıb. Lakin aksiyaların keçirilməsi üçün müraciət edilən demək olar ki, bütün regionlarda yerli hakimiyyət orqanları müxtəlif bəhanələrlə bu müraciətləri rədd edib.
Bu arada, “Bloomberg” agentliyi mənbələrə istinadən yazır ki, Rusiya hakimiyyəti vətəndaş narazılığının artması fonunda, o cümlədən Vladimir Putin-in reytinqində rəsmi sorğularda belə müşahidə olunan eniş səbəbindən internet bloklama siyasətini yenidən nəzərdən keçirə bilər. Mənbələrin iddiasına görə, bu dəyişikliklər xüsusilə “Telegram”la bağlı qərarlara təsir göstərə və platformanın Rusiyada fəaliyyətini davam etdirməsinə imkan yarada bilər.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.