AZ

25-35 faiz bahalaşma

Türkiyədə daxili uçuşlar üzrə aviabilet qiymətlərində yaxın dövrdə əlavə bahalaşma gözlənilir. Mütəxəssislərin fikrincə, artımın əsas səbəbi aviasiya yanacağının qiymətinin kəskin yüksəlməsi olub və bu, bilet qiymətlərinin 25-35 faiz artmasına gətirib çıxara bilər.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbərt verir ki, Türkiyədə daxili reyslər üzrə aviabilet üçün tətbiq olunan maksimal qiymət limiti 6100 lirədən (231 manat) 6990 lirəyə (265 manat) qaldırılıb. Bu qərar Mülki Hava Nəqliyyatı baş direktorluğu tərəfindən həyata keçirilən 15%-lik tənzimləmə çərçivəsində qəbul edilib. Bununla yanaşı, sektor nümayəndələri bildirirlər ki, real qiymət artımları yalnız bu limitlə məhdudlaşmaya bilər.

“Bloomberg”ə açıqlama verən Güntay Şimşək bildirib ki, son vaxtlar gündəmdə olan Yaxın Şərqdəki münaqişələr aviabilet qiymətlərinin bahalaşmasını izah edən yeganə səbəb deyil.

Onun sözlərinə görə, ölkə daxilindəki iqtisadi şərtlər də aviasiya sektoruna ciddi təsir göstərir və bu səbəbdən yaxın aylarda aviabilet qiymətlərində əlavə artım ehtimalı yüksəkdir.

Şimşək qeyd edib ki, aviasiya yanacağının bir tonunun qiyməti 800 dollardan 1600 dollara qədər yüksəlib və bu, aviaşirkətlərin xərclərini əhəmiyyətli dərəcədə artırıb. Onun hesablamalarına görə, orta hesabla 100 dollar dəyərində olan bir aviabilet yanacaq qiymətlərinin artması nəticəsində təxminən 30 faiz bahalaşa bilər.

Ekspertin sözlərinə görə, daxili reyslər üzrə qiymət artımı yalnız bu istiqamətlə məhdudlaşmaya bilər. O bildirib ki, daxili uçuşlarda müşahidə olunan bahalaşma yaxın dövrdə digər istiqamətlər üzrə beynəlxalq reyslərə də təsir göstərə bilər.

Bununla belə, Türkiyənin turizm və aviasiya sahələrində hələ də yüksək potensiala malik olduğu vurğulanır. Bildirilir ki, ölkə aviasiya yanacağı təchizatı baxımından ciddi problemlərlə üzləşmir və bu, sektora müəyyən üstünlüklər verir.

Şimşək qeyd edib ki, dünya bazarlarında neft qiymətlərinin artması aviaşirkətlərin gəlirlərini məhdudlaşdırır və xərclərin artmasına səbəb olur. Onun sözlərinə görə, Avropa və Çində aviasiya yanacağı istehsalı ilə bağlı problemlər yaşandığı halda, Türkiyə hazırda daha sabit vəziyyətdədir.

Eyni zamanda xəbərdarlıq edilib ki, əgər Körfəz bölgəsində yanacaq təchizatı ilə bağlı problemlər aradan qaldırılmasa, gələcəkdə 3 saatdan az davam edən bəzi uçuşlar üçün yanacaq təminatında məhdudiyyətlər belə gündəmə gələ bilər.

Ekspert həmçinin qeyd edib ki, aviabiletlər üzrə maksimal qiymət limitlərinin ləğv edilməsi halında bazarda daha səmərəli rəqabət mühiti yarana bilər. Onun fikrincə, belə bir addım aviaşirkətlərə mövcud oturacaq tutumundan daha effektiv istifadə etməyə imkan verəcək və nəticədə həm sektor, həm də sərnişinlər üçün daha əlverişli şərait yarada bilər.

Seçilən
15
vaxt.az

1Mənbələr