AZ

Uğursuz Pakistan və Macarıstan səfərləri Vensi hədəfə gətirdi

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens həm Pakistandakı diplomatik görüşlərdən, həm də Macarıstanda keçirilən seçkidən sonra Vaşinqtona "əliboş" dönüb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Xəbərə əsasən, Vens ABŞ rəhbəri Donald Trampın fərqli xarici siyasət strategiyalarını reallaşdırmaq istiqamətində faktiki olaraq heç bir irəliləyişə nail ola bilməyib.

İslamabad şəhərində İran nümayəndələri ilə davam edən 21 saatlıq müzakirələrin yekununda o, tərəflər arasındakı mövqe fərqlilikləri ucbatından münaqişənin dayanıqlı həlli istiqamətində konsensusa gəlinmədiyini açıqlayıb.

Media orqanlarının yazdığına görə, vitse-prezidentin bir neçə gün öncə Baş nazir Viktor Orbana siyasi dəstək nümayiş etdirmək üçün Macarıstana etdiyi səfər də boşa çıxıb.

Orbanın rəhbərlik etdiyi partiya parlament seçkisində məğlubiyyətə uğrayıb.

Bu qoşa uğursuzluq cəmiyyətdə Trampın potensial siyasi varisi kimi qəbul edilən vitse-prezidentin nüfuzuna ağır zərbə vurub.

Vens bazar ertəsi "Fox News" telekanalının canlı efirində vurğulayıb ki, səsvermədən öncə Viktor Orbana arxa durmaq məqsədilə Macarıstana səfər edib. Bu addımın başlıca səbəbi isə Orbanın Avropa İttifaqının bürokratik aparatına dirəniş göstərən nadir Avropa siyasətçilərindən biri olması göstərilib.

Macarıstanın Milli Seçki Bürosunun açıqlamasına görə, aprelin 12-i tarixində ölkədə baş tutan parlament seçkisində Peter Madyarın liderlik etdiyi müxalif "Tisa" partiyası Milli Assambleyadakı (birpalatalı parlament) 199 mandatdan 138-nə sahib çıxıb. Orban isə sədri olduğu FİDES - Macarıstan Vətəndaş Birliyi partiyasının seçkidə uduzduğunu qəbul edib.

Seçilən
23
1
moderator.az

2Mənbələr