AZ

Bolqar ekspert: Avropada “enerji karanti” riski gündəmdədir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Sofiya, 14 aprel, AZƏRTAC

Avropada enerji böhranının dərinləşməsi fonunda bəzi ölkələrdə “enerji karantini” adlandırılan sərt məhdudiyyətlərin tətbiqi riski müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə bolqarıstanlı energetika üzrə ekspert Boyan Raşev yerli mediaya açıqlaması zamanı bildirib.

Ekspertin sözlərinə görə, enerji bazarlarında yaranan gərginlik daha da artarsa, Avropa ölkələri COVID dövründə tətbiq olunan məhdudiyyətlərə bənzər tədbirlərə əl ata bilər. O qeyd edib ki, belə bir ssenari, xüsusilə yanacaq və enerji resurslarının çatışmazlığı ilə bağlı risklərin artdığı şəraitdə mümkündür.

B.Raşev vurğulayıb ki, enerji bazarlarında qeyri-müəyyənlik əsasən geosiyasi amillər və qlobal tədarük zəncirindəki problemlərlə bağlıdır. Onun sözlərinə görə, enerji qiymətlərinin artması və resurslara çıxışın məhdudlaşması bəzi ölkələrdə sərt idarəetmə tədbirlərini zəruri edə bilər. O bildirib ki, belə bir “enerji karantini” ssenarisi ilk növbədə istehlakın məhdudlaşdırılması, sənaye fəaliyyətinə müəyyən məhdudiyyətlərin qoyulması və enerji istifadəsinin daha sərt qaydalarla tənzimlənməsi ilə müşayiət oluna bilər.

Məlumata görə, Avropada enerji bazarlarında artıq müəyyən gərginlik müşahidə olunur və bu, xüsusilə yanacaq və qaz qiymətlərindəki dəyişikliklərdə özünü göstərir.

Qeyd olunur ki, Avropada enerji təhlükəsizliyi məsələləri gündəmdə qaldığı müddətdə regionda etibarlı tədarük mənbələrinin rolu daha da artacaq və sabitliyin qorunmasında mühüm faktor olaraq qalacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr