Müğənni Nadir Bayramlı illər öncə rejissor Aqil M.Quliyevə klip çəkilişinə görə verdiyi pulun miqdarını açıqlayıb.
O, Qaynarinfo-ya açıqlamasında Adil M. Quliyevə 700 dollar ödədiyini bildirib:
"Mən 1997-ci ildə repertuarımda olan mahnılardan birinə - "Sevgililər görüşəndə"yə klip çəkdirdim. Bunun üçün rejissor Adil M. Quliyevə müraciət etdim. Razılaşdıq, klip üçün deyilən maliyyə vəsaitini ödədim. Amma bir il gözlədim, klip hazır olmadı, uzandıqca-uzandı. Bir ildən sonra klip işıq üzü gördü. Amma bir ildən sonra Adil M. Quliyevə əlavə vəsait ödəmədim".
Nadir Bayramlı deyib ki, həmin ildə 700 dollara bir avtomobil almaq olardı:
"O vaxt deyirdilər ki, Nadir Bayramlı bir maşının qiymətinə klip çəkdirib".
Nadir Bayramlı bu gün klipə marağın azaldığını əlavə edib:
"Bunun səbəbləri var, əvvəl klip çəkilərdi, televiziyalarda təqdimatı keçirilirdi. Hamı üçün maraqlı olurdu. İndi hərənin bir səhifəsi var, özləri ilə bağlı məlumatları orada yayımlayırlar. Artıq klip çəkilişi dəbdən düşüb".