AZ

Titanik və Cəmiyyətin vicdanı PƏRVİZ YƏHYALI YAZIR

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

O cəmiyyətlərdə ki, bərabər imkanlar mövcuddur və insanların böyük bir qisminin iqtisadi tavanı bir-birinə yaxın olur, orada əhalinin böyük əksəriyyəti özünü xoşbəxt hesab edir. Əlbəttə, xoşbəxtlik mücərrəd məfhumdur. Lakin bərabər yaşam şərtlərinin üstünlük təşkil etdiyi cəmiyyətlərdə sadə bir statistik həqiqət qırmızı xətlə qabarıq şəkildə görünür: intiharlar yox dərəcəsindədir, ruhi xəstəliklərdən əziyyət çəkənlərə az rast gəlinir və həbsxanalardakı məhbuslar barmaqla sayılacaq qədər az olur.

Sosializm şinelindən çıxmış təfəkkür tərzinin “burjuaziya” adlandırdığı, əslində isə industrial cəmiyyət olan bu sistem həqiqi postindustrial mərhələyə çatana qədər sözün hər mənasında insanlığa zidd dartışmaların və instinktiv yaşamaq uğrunda mübarizənin qızğın ehtiraslarından keçmiş, bu yolu bu gün də davam etdirir. Mənəvi aşınmanın belə bir mühitdə “çiçəklənməsi” ifadəsi səciyyəvi xarakter daşıyır.

Şərti olaraq ilkin industrial, industrial, son industrial və nəhayət postindustrial dövrlərə bölünən bu formasiya ilk üç mərhələdə quldarlıq sisteminin əxlaqi dəyərlərindən yalnız forma etibarilə fərqlənir. Mahiyyət isə demək olar ki, eynidir. Daha çox pul qazanmaq, “mənim olsun” prinsipinin ön plana çıxması, hərislik, insan alveri, müharibələr, zorakılığın təbliği, bayağılığın həyat tərzinə çevrilməsi və saysız-hesabsız mənəvi zəhərlənmə ideyalarının “kəşfi” bu dövrün qaçılmaz reallığıdır.

Bu gün üzərindən 112 il keçən Titanikin Atlantik okeanında qərq olması məhz sadalanan xüsusiyyətlərin doğurduğu tarixin acı gerçəklərindən biridir. Özünütəsdiq, pul və şöhrət bir tərəfdə, kübar və elit məstliyin imkansızlara həqarət və acıq vermə psixologiyası isə digər tərəfdə dayanırdı. Titanikin batması yalnız 1500-dən artıq insanın faciəsi deyildi; bu, həm də burjuaziyanın arzulara qovuşmaq naminə insanlıq dəyərlərini kömdüyü hərisliyin simvolu idi.

Bəs industrial cəmiyyət növbəti mərhələdə nə etdi?

Bu dəfə daha hiyləgərlik və fəndgirliklə 14 aprel faciəsini mədəniyyət müstəvisinə çıxardı. Bir vaxtlar yaşanmış iztirab və acılardan sənət əsəri yaradaraq milyonlar qazandı. 1997-ci ildə Hollivud qırmızı xalısı üzərində ulduzlarına təqdim etdiyi “Oskar” mükafatları ilə təbəssüm sərgiləyərkən, bu uğurun arxasında yenə də qazanc dayanırdı. 11 “Oskar”la qırılan rekord, alqışlar, bahalı şampan şəlalələri və billur qədəhlərin çingiltisi aysberqlə toqquşub suya qərq olanların fəryadını sanki unutdururdu.

Bəlkə də solçu baxış kimi dəyərləndirilə biləcək bu fikirlər əslində insan kədərindən belə faydalanan sistemə etirazımdır.

Yəqin ki, bu gün bütün telekanallar Titanikin nümayişini təklif edəcək. Görünür, postindustrial cəmiyyət də insan zəkasının hələ ən mükəmməl düşüncə modeli deyil.

Pərviz Yəhyalı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr