"Absheron Lions" komandasının baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində "Şəki" üzərində qazanılan parlaq qələbəni (109:78) şərh edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyuna yanaşmasından razı qaldığını bildirərək, bu qələbənin psixoloji önəmini vurğulayıb:
"Oyuna müdafiədə inamlı başladıq, lakin hücumda müəyyən çətinliklərimiz var idi. Sevindirici haldır ki, qısa zamanda hücum oyunumuzu da qaydasına sala bildik. Bu matçda qələbə qazanmaq bizim üçün prinsipial məsələ idi, çünki kubok oyununda rəqibimizə məğlub olmuşduq."
Baş məşqçi oyunçularının matça yüksək konsentrasiya ilə çıxdığını qeyd edib:
"Bütün basketbolçular bu oyuna çox ciddi yanaşmışdılar. Həm fiziki, həm də taktiki baxımdan yaxşı hazırlaşmışdıq. Meydanda son saniyəyə qədər yaxşı mübarizə apardılar."
Erhan Toker rəqib komandanın oyununu da qiymətləndirməyi unutmayıb:
"Rəqib də yaxşı oyun nümayiş etdirdi, onlara göstərdikləri müqavimətə görə təşəkkür edirəm. Artıq bu oyun geridə qaldı. İndi bütün diqqətimizi Şəkidə keçiriləcək növbəti qarşılaşmaya yönəltmişik. Pley-offda mübarizə aparan bütün klublara uğurlar arzu edirəm."