TRIPP və Azərbaycanın kommunikasiya xətləri ermənilər üçün həyat yoluna çevrilir
Ermənistanın blokadadan çıxmaq ümidi kimi təqdim olunan TRIPP layihəsi (Tramp marşrutu) və Azərbaycan vasitəsilə həyata keçirilən real yük daşımaları regionun iqtisadi xəritəsini yenidən cızır.
Uzun illər təcrid vəziyyətində qalan və logistik asılılıqdan boğulan İrəvan üçün Azərbaycan üzərindən keçən dəmir yolları yeni inkişaf mərhələsinin başlanğıcıdır. Baş nazir Nikol Paşinyanın son bəyanatları və yük daşımalarındakı statistik rəqəmlər göstərir ki, Ermənistan hökuməti son 3-4 ildir səsləndirdiyi mücərrəd "Dünyanın kəsişməsi" layihəsinin əhəmiyyətsiz olduğunu anlayaraq, Azərbaycan ərazisindən keçən yük vaqonlarını real iqtisadi çıxış yolu kimi qəbul edir.
Nikol Paşinyan ölkəsinin tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olduğunu etiraf edib. Baş nazir deyib ki, bu inkişaf Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi nəticəsində mümkün olub. Hökumət başçısı iddia edib ki, yaxın zamanda TRIPP layihəsinin işə salınması ilə əlaqədar böyük hadisələr gözlənilir. Paşinyan bu layihənin Ermənistanı faktiki olaraq blokada vəziyyətindən çıxaracağını söyləyib: "Ermənistan blokadanı müəyyən dərəcədə aradan qaldırıb. Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımalarını həyata keçirmək mümkündür və davam edir. Onu da deyim: siyasi razılaşma var, ixracın da dəmir yolu ilə həyata keçirilməsi mümkündür, əlbəttə, Gürcüstan ərazisi vasitəsilə - biz Azərbaycanla TRIPP layihəsi çərçivəsində dəmir yolunu açana qədər. Bu isə çox vacibdir".
Paşinyan siyasi razılaşmanın nədən ibarət olduğuna da aydınlıq gətirib: "Siyasi razılaşma ondan ibarətdir ki, həmin dəmir yolu heç vaxt bağlanmayacaq, yəni bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrut olacaq. Amma mənim başa düşdüyümə görə, biz hələ ixrac üçün dəmir yolundan geniş istifadə etmirik. Çünki 30 il ərzində formalaşmış logistika zəncirləri mövcuddur, onların dəyişməsi üçün əvvəlcə etimad lazımdır". O hesab edir ki, logistika zəncirləri dəyişməlidir: "Çünki yük maşını ilə düşünmək ayrı şeydir, vaqonla düşünmək isə tamam başqa".
Baş nazirin vurğuladığı kimi, Cənubi Qafqazın geosiyasi və iqtisadi mənzərəsində ciddi dönüş nöqtəsi müşahidə edilir. Söhbət regionun 30 illik blokada və qarşıdurma dövründən çıxaraq təhlükəsiz logistika mərkəzinə çevrilməsindən gedir. Baş nazir fərqindədir ki, TRIPP və digər layihələrin işə düşməsi Ermənistanı təkcə Gürcüstan və İran asılılığından xilas etməyəcək, həmçinin "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarının iştirakçısına çevirəcək. Paşinyanın "Azərbaycan ərazisi vasitəsilə yük daşımaları mümkündür" ifadəsi də önəmli etirafdır. Deməli, yekun sülh müqaviləsinin imzalanması yubanarsa belə tərəflər arasında iqtisadi inteqrasiya prosesi davam edəcək. Siyasi səviyyədə razılaşmanın olması isə o anlama gəlir ki, texniki və siyasi maneələr aradan qaldırılıb, indi əsas məsələ iş adamlarının bu yola etibar etməsidir.
Erməni iş adamları illərdir yüklərini Gürcüstan-Rusiya sərhədindəki "Yuxarı Lars" yolu vasitəsilə daşıyıblar. Ancaq bu daşımalar yük maşınları vasitəsilə həyata keçirilib. Dəmir yolu isə daha ucuz və irihəcmli daşımalar deməkdir. Uzun illər yük maşınları ilə çətin dağ aşırımlarından keçməklə ticarət edən erməni sahibkarları üçün dəmir yolu iqtisadi effektivlik deməkdir. Baş nazirin "vaqonla düşünmək" ifadəsi iqtisadi keçidin psixoloji tərəfinə işıq tutur. Siyasi razılaşmaya əsasən, dəmir yollarının həm idxal, həm də ixrac üçün açıq qalması Ermənistanın dünyaya çıxış qapılarını artırır. Lakin bunun reallaşması yeni müqavilələr və yüklərin təhlükəsizliyinə əminlik tələb edir. O səbəbdən Paşinyan etiraf edir ki, logistika zənciri təkcə yol yox, həm də düşüncə tərzidir.
Bu vəziyyət göstərir ki, Ermənistan xarici iqtisadi asılılığını aradan qaldırmağa cəhd edir. TRIPP və Azərbaycanla kommunikasiyaların açılması zəncirvari şəkildə Türkiyə-Ermənistan sərhədinin açılmasına zəmin yaradacaq. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını azaltmaq üçün alternativ yollar bu ölkə üçün həyati əhəmiyyət daşıyır. TRIPP layihəsi və Azərbaycan vasitəsilə açılan kommunikasiyalar iki ölkə arasındakı quru yolu olmaqdan daha çox bütövlükdə Cənubi Qafqazın qlobal bazarlara çıxışıdır. Türkiyə-Ermənistan sərhədinin açılması isə bu zəncirin strateji halqası, İrəvanın Avropa və Aralıq dənizi hövzəsinə ən qısa çıxışıdır. "Yuxarı Lars" keçidi tez-tez təbii şərait və ya siyasi gərginliklər səbəbindən bağlanır. Azərbaycan və Türkiyə üzərindən keçən marşrutlar daha stabil və dayanıqlı logistik imkanlar vəd edir.
Paşinyanın çıxışında səsləndirdiyi "Tezliklə böyük hadisə olacaq" ifadəsi də diqqətçəkəndir. Ehtimal ki, qarşıdakı aylarda Zəngəzur dəhlizi üzrə hüquqi çərçivənin tam razılaşdırılması, Bakı ilə İrəvan arasında nəqliyyat əlaqələrinin rəsmən istismara verilməsi barədə sənədin imzalanması reallaşa bilər. Ümumən, görünən odur ki, İrəvan "Sülh gəlsin, sonra yolları açaq" prinsipindən "Yolları açaq ki, sülh qaçılmaz olsun" prinsipinə keçib. Paşinyan hökuməti erməni cəmiyyətini iqtisadi mənfəət vədləri ilə yaxınlaşan yekun sülh sazişinə hazırlayır.
Məlumat üçün əlavə edək ki, aprelin 14-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub və 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib. İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub. Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə daşınıb. Ümumilikdə indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Qeyd olunan rəqəmlər də aydın göstərir ki, Azərbaycanın tranzit potensialı Ermənistanın ərzaq və kənd təsərrüfatı ehtiyaclarının qarşılanmasında həlledici amilə çevrilir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"