AZ

ABŞ Çin, BƏƏ və Oman banklarını sanksiyalarla hədələyib

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ İranla əlaqəli maliyyə əməliyyatlarına qarşı təzyiqləri artırır və bir sıra xarici bankları sanksiyalarla hədələyir.

Banco.az xəbər verir ki, ABŞ administrasiyası Çin və onun Honkonq bölgəsində, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində fəaliyyət göstərən bəzi bankların İranla işgüzar əlaqələrinə görə sanksiya riski ilə üzləşə biləcəyini açıqlayıb. Bu barədə Associated Press ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, adı çəkilən ölkələrin maliyyə institutlarına göndərilən rəsmi məktubda İranla əməkdaşlığın ciddi risklər yaratdığı və xüsusilə “ikinci dərəcəli sanksiyalar”ın tətbiq oluna biləcəyi vurğulanıb. Bu cür sanksiyalar birbaşa ABŞ ilə işləməyən, lakin İranla əlaqəli əməliyyatlarda iştirak edən xarici qurumları da hədəfə alır.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, İran 2024-cü il ərzində əsasən Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş “shell” (kağız üzərində fəaliyyət göstərən) şirkətlər vasitəsilə ABŞ bank sistemindəki müxbir hesablardan istifadə edərək azı 9 milyard dollar həcmində vəsait köçürüb.

Analitiklər hesab edir ki, Vaşinqtonun bu addımı İranın qlobal maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırmaqla yanaşı, üçüncü ölkələrin bank sektoruna da ciddi təzyiq göstərəcək. Bu isə beynəlxalq maliyyə əməliyyatlarında risklərin artmasına və bəzi regionlarda kapital axınlarının yenidən istiqamətlənməsinə səbəb ola bilər.

Seçilən
15
banco.az

1Mənbələr