AZ

Samir Abasov yenə küsüb

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Neftçi”dən ayrıldıqdan sonra işsiz qalan Samir Abasov sükutu pozub. Güman edirəm ki, evdə oturmaqdan ürəyi sıxılıb. Digər tərəfdən də unudulmaqdan, yaddan çıxmaqdan narahat olub. Ona görə də daşı ətəyindən töküb, efirdə görünməyə razılıq verib. Çoxdandı efirlərdə, saytlarda görmədiyimiz Samir bəy "CBC Sport”un əməkdaşının suallarını cavablandırıb. Özü də söhbət əsnasında bir neçə dəfə minnətlə ehyam vurdu ki, aparıcı xanımın xətrini əziz tutub, ona görə də efirə çıxmağa razılıq verib. Bu məsələdə Abasovun nə dərəcə səmimi olub-olmamasını bir kənara qoyuram. Çünki ən doğrusunu özü bilir və öz vicdanı qarşısında hesabat verəcək.

Samir bəyin "Sumqayıt”da gördüyü işləri xatırlatması, keçmiş klubu haqqında dediyi xoş sözlər xeyli maraqlı idi. Ehtimal etmək çətin deyil ki, hazırda işsiz olan və bu halından heç də məmnunluq duymayan mütəxəssis hər şeyə sıfırdan başlamaq üçün özünə yaxın hədəf müəyyənləşdirib. Saşa İliçin də "Sumqayıt”da uğur qazana bilməməsi onun köhnə iş yerinə qayıtmaq həvəsini gücləndirib. Ona görə də bir müddətlik fasilədən sonra yenidən efirə çıxıb, "mən də varam” deməyə razılıq verib. Ola bilsin ki, Abasovun "Sumqayıt”a qayıdışı həm özü, həm də klub üçün uğurlu olar. Doğma şəhərinin komandası Samir bəyə uğur gətirib, onun məşqçi kimi nüfuzunun artmasına yardımçı olub. Digər yandan "Sumqayıt”la Samir Abasovun futbol baxımından səviyyəcə bir-birinə uyğun gəlməsi də zaman-zaman istabını tapan məsələdir.

Hiss etmək çətin deyil ki, Samir bəy "Neftçi”dən əməlli-başlı küsüb. Onu narazı salan əsas məqam yolların ayrıldığı vaxt təzminat məsələsinin ictimaiyyətə açıqlanması, "Neftçi”nin verdiyi bəyanatda bu məsələnin vurğulanmasıdır. Adam açıq dillə deyir ki, rumın Mutuya təzminat veriblərsə, azərbaycanlı Abasova niyə verməsinlər? Bu sualın qarşısında "Neftçi” rəhbərliyinin xəcalət çəkməli olduğu da aydın məsələdir. Özlərini gülünc vəziyyətə salıblar, ona görə də bu cür suallara, tənələrə də dözməlidilər. Abasovun küskünlüyü özünü həm də onda göstərir ki, adam "Neftçi”nin oyunlarına baxmadığını deyir. Təsəvvür edin, hansısa futbol proqramında "Neftçi”dən neçə dəqiqə danışıldığını bilir, amma "Neftçi”nin qələbələri sıraladığı bir məqamda keçmiş klubunun oyununa baxmır. Çempionlar Liqasının oyunlarına baxmağa vaxtı və həvəsi var, amma "Neftçi” oynayanda Abasovun başı "ev işlərinə qarışır”. 

"Neftçi”yə və Azərbaycan çempionatına bu dərəcədə laqeydliyin ifadəsi gələcəkdə Samir bəyin ziyanına da işləyə bilər. Adama deyərlər ki, sən bizim çempionatla, klubların çıxışı ilə maraqlanmırsansa, Premyer Liqamızda necə işləyəcəksən, sənə tapşırılan klubu rəqiblərə qarşı necə hazırlayacaqsan? Əlbəttə ki, bu sualın özündə də bir satira var. Mən əminəm ki, Samir bəyin boş zamanı var və "Neftçi”nin də qələbələrini çox diqqətlə izləyir. İnanmaq istərdim ki, öz dövrü ilə indini müqayisə edir, harda səhvə yol verdiyini araşdırır.

Samir bəyin danışdıqlarından bir məqam da diqqətimi cəlb etdi. Özünə haqq qazandırmağa çalışan Samir bəy gələcəyin "Neftçi”sini qurduqlarını qürurla deyir. Eləmədim tənbəllik, PFL-in saytını açdım və "Neftçi”nin futbolçuların təvəllüdünə baxdım. Xilaskar gözü ilə baxılan Abubakarın sənədlə (!) 34 yaşı var. Kapitan Emin Mahmudov da onunla həmyaşıddır. Gənc Rza Cəfərovdan üstün tutulan bosniyalı qapıçı Piriç 32 yaşını tamamlayacaq. Sek 30, Bədəlov 31, Kuç 33, Dalmeyda 31 yaşındadır. Əvəzində Rza didərgin salındı, Muradla Ağadadaş ehtiyatda "çürüdü”. Bu idimi Samir bəyin qurduğu gələcəyin komandası?! Ümid edirəm ki, bu suallardan və acı statistikadan sonra Abasov məndən də küsməz. Sadəcə, bir az daha səmimi olmaq lazımdır.

Amal Abuşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
qaynarinfo.az

1Mənbələr