AZ

Nəqliyyat problemlərinə təşəbbüskar yanaşmalar

Bakı şəhərində artan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə kompleks yanaşmanı əks etdirən “Şimal Böyük Yol Qovşağı Kompleksi” adlı yeni konseptual layihə ictimaiyyətə təqdim olunub. Layihənin müəllifi, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov təşəbbüsün şəxsi və peşəkar məsuliyyət hissindən irəli gələrək, təmənnasız hazırlandığını bildirib.

Qeyd olunub ki, son illərdə paytaxtda əhalinin sürətlə artması, eləcə də şəhərin coğrafi mövqeyi nəqliyyat axınının müəyyən istiqamətlərdə cəmləşməsinə səbəb olub. Xüsusilə Bakı şəhərinin şimal girişində – Xırdalan istiqamətində müşahidə olunan intensiv tıxaclar problemin sistemli həllini zəruri edir.

Layihə çərçivəsində əsas prioritetlərdən biri Xırdalan dairəsi istiqamətində nəqliyyat yükünün azaldılmasıdır. Bunun üçün alternativ giriş-çıxış yollarının yaradılması, o cümlədən Bakı–Qazax və Bakı–Şamaxı istiqamətlərindən əlavə bağlantıların təşkili təklif olunur. Bu yanaşma nəqliyyat axınının paylanmasına və əsas qovşaqlardakı sıxlığın azalmasına imkan verə bilər.

Eyni zamanda, müxtəlif səviyyəli yol qovşaqlarının və yol ötürücülərinin inşası ilə nəqliyyat axınlarının kəsişmədən ayrılması nəzərdə tutulur. Bu isə hərəkətin təhlükəsizliyini artırmaqla yanaşı, vaxt itkisinin minimuma endirilməsinə xidmət edir.

Layihədə şəhərin digər ərazilərində də, xüsusilə Azadlıq prospekti, Biləcəri və Rəsulzadə qəsəbəsi istiqamətlərində tunel və yeni yol infrastrukturu həlləri təklif olunur. Bundan əlavə, müasir drenaj sistemlərinin tətbiqi ilə yağış sularının yollarda yığılmasının qarşısının alınması planlaşdırılır.

Konsepsiyanın mühüm hissələrindən biri də ekoloji və sosial yanaşmanı əhatə edir. Belə ki, Sulutəpə–Xocəsən ərazisində təxminən 15 hektarlıq sahədə böyük park kompleksinin yaradılması təklif edilir. Bu təşəbbüs həm şəhər mühitinin yaxşılaşdırılmasına, həm də əhalinin istirahət imkanlarının genişləndirilməsinə xidmət edə bilər.

Layihədə metro infrastrukturu üzrə təkliflərə də yer verilib. İçərişəhər metrostansiyasının “Azneft” dairəsi istiqamətində əlavə çıxışının yaradılması sərnişin axınının daha səmərəli bölüşdürülməsinə şərait yarada bilər.

Qeyd edək ki, təqdim olunan materiallar konseptual xarakter daşıyır və bəzi vizual təsvirlər kompüter modelləşdirilməsi əsasında hazırlanıb. Bu görüntülər real tikinti planını deyil, mümkün həll yollarının izahını əks etdirir.

Sonda layihə müəllifi bildirib ki, məqsəd mövcud nəqliyyat problemlərinə alternativ yanaşmalar təqdim etmək və bu istiqamətdə ictimai müzakirəyə töhfə verməkdir.

Musa BAĞIRLI
XQ

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr