AZ

TƏBİB də dəyişikliklər: səhiyyə sistemi yeni mərhələyə keçir

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son dövrlərdə Azərbaycan səhiyyə sistemində aparılan struktur və idarəetmə islahatları bu sahənin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Xüsusilə TƏBİB-in yeni icraçı direktorunun təyin olunması bu prosesin yalnız formal dəyişiklik deyil, daha çox idarəetmədə keyfiyyət və məsuliyyət mərhələsinə keçid olduğunu göstərən mühüm addımdır.

Bu dəyişikliklərin əsas məqsədi artıq formalaşmış səhiyyə infrastrukturunu və icbari tibbi sığorta modelini daha effektiv idarə etmək, sistem daxilində koordinasiyanı gücləndirmək və nəticəyönümlü yanaşmanı təmin etməkdir.

İslahatların ilk və ən mühüm faydası idarəetmədə çevikliyin və məsuliyyət bölgüsünün daha dəqiq müəyyən olunmasıdır. Yeni rəhbərlik yanaşması ilə tibb müəssisələrinin fəaliyyətində operativ qərarvermə, resursların düzgün bölüşdürülməsi və xidmət keyfiyyətinə nəzarətin gücləndirilməsi gözlənilir. Bu isə birbaşa olaraq vətəndaşın aldığı xidmətin səviyyəsinə təsir edən amildir.

Digər mühüm istiqamət səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasıdır. İcbari tibbi sığorta sistemi vasitəsilə əlçatanlıq artıq müəyyən səviyyədə təmin olunub. İndi isə əsas diqqət xidmətin məzmununa (diaqnostikanın düzgünlüyünə, müalicənin effektivliyinə) və xəstə təhlükəsizliyinə yönəlir. Bu baxımdan yeni idarəetmə modelinin klinik protokolların tətbiqinə, tibbi heyətin peşəkar inkişafına və daxili nəzarət mexanizmlərinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

İslahatların üçüncü mühüm faydası regionlarda səhiyyə xidmətlərinin daha da gücləndirilməsi ilə bağlıdır. Artıq infrastruktur yaradılıb və xidmətlər genişlənib. Növbəti mərhələdə isə bu imkanların keyfiyyətli şəkildə istifadə olunması, regionlarda ixtisaslaşmış xidmətlərin inkişafı və paytaxtla mövcud fərqlərin minimuma endirilməsi əsas hədəflərdən biridir.

Bununla yanaşı, bu dəyişikliklər səhiyyə sistemində şəffaflığın və hesabatlılığın artırılmasına da xidmət edir. Müasir idarəetmə prinsiplərinin tətbiqi, performans əsaslı qiymətləndirmə və nəticələrin ölçülməsi sistemi səhiyyədə daha dayanıqlı və etibarlı modelin formalaşmasına imkan verəcək.

Ümumilikdə, son islahatlar göstərir ki, Azərbaycan səhiyyəsi artıq kəmiyyət mərhələsindən keyfiyyət mərhələsinə keçid edir. Bu isə yalnız yeni binaların və ya texniki imkanların yaradılması ilə deyil, sistemin düzgün idarə olunması, insan resurslarının inkişafı və vətəndaş mərkəzli yanaşmanın gücləndirilməsi ilə mümkün olacaq.

Bu proseslərin arxasında isə ölkə rəhbərliyinin səhiyyə sahəsinə verdiyi prioritet və ardıcıl islahat siyasəti dayanır. Məhz bu yanaşma sayəsində yaxın perspektivdə səhiyyə sistemində daha effektiv, daha əlçatan və daha keyfiyyətli xidmət modelinin formalaşacağı gözlənilir.

Rəşad Mahmudov 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azxeber.com

1Mənbələr