ain.az, Ses qazeti portalına istinadən məlumat verir.
Bu gün - Aprelin 15-də Zərifə xanımın anım günüdür. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 41 il ötür.
Zərifə xanımın xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. 1923-cü ilin baharında dünyaya göz açan Zərifə xanım Əliyeva erkən yaşlarından tibb sahəsinə könül verərək 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və tibb sahəsində yüksək uğurlara imza atıb. Zərifə xanım 1954-cü ildə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə xoşbəxt bir ailənin təməlini qoyub və onlar birlikdə əsl ailə etalonu yaratmağa nail olublar. Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixində xüsusi yer tutur və bu ad təkcə elmi nailiyyətlərlə məhdudlaşmır. Onun fəaliyyəti müstəqil Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş milli səhiyyə modelinin formalaşmasına mühüm töhfə verib. Burada söhbət yalnız görkəmli alim-oftalmoloqdan deyil, peşəkar missiyasını dövlətçilik baxışı ilə uzlaşdırmağı bacaran bir şəxsiyyətdən gedir. Onun fəaliyyəti bir daha sübut edir ki, xalqın sağlamlığı dövlətin dayanıqlı inkişafının strateji resursudur. Zərifə xanım Əliyevanın elmi fəaliyyət göstərdiyi dövr səhiyyə sahəsində ciddi çağırışlarla səciyyələnirdi. XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyi yalnız tibbi problem deyil, eyni zamanda sosial-iqtisadi təhlükə idi, çünki əhalinin əmək qabiliyyətinə və həyat keyfiyyətinə birbaşa təsir göstərirdi. Məhz belə bir şəraitdə Zərifə Əliyevanın fəaliyyəti sistemli xarakter aldı. O, elmi tədqiqatlarla yanaşı, praktik səhiyyə tədbirlərinin təşkilində də fəal iştirak edir, regionlara səfərlər edərək müalicə və profilaktika işlərini yerində həyata keçirirdi. Nəticədə traxomanın Azərbaycanda sosial xəstəlik kimi aradan qaldırılması yalnız tibbi nailiyyət deyil, effektiv dövlət siyasətinin uğurlu nümunəsinə çevrildi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikamızda elmi potensialın güclənməsinin mühüm göstəricisi idi. Akademik M.İ.Averbax adına mükafata layiq görülməsi isə onun beynəlxalq elmi nüfuzunu təsdiqləməklə yanaşı, Azərbaycan elminin də yüksək səviyyədə tanınmasına xidmət edib. Zərifə Əliyevanın fəaliyyətində xüsusi yer tutan məqamlardan biri onun humanist dünyagörüşüdür. O, həkim peşəsini yalnız elmi fəaliyyət kimi deyil, insanlara xidmət missiyası kimi dəyərləndirirdi. Bu yanaşma bu gün də Azərbaycan dövlətinin sosial siyasətində öz əksini tapır.
Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı olaraq dünyada şöhrət qazanmış İlham Əliyev həyat və fəaliyyətindəki möhtəşəm uğurlarına görə özünü ilk növbədə, atası Heydər Əliyevin və anası Zərifə xanım Əliyevanın ruhuna borclu sayır.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Zərifə xanım Əliyevanın əziz xatirəsi ölkəmizin hər yerində və ölkə hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin hörmət hissi ilə yad olunur.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.