AZ

Böyük güclər danışıqlar masasında

Yaxın Şərqdə artan gərginlik fonunda qlobal güclər və regional aktorlar paralel şəkildə həm diplomatik təşəbbüsləri gücləndirir, həm də təhlükəsizlik prioritetlərini yenidən müəyyənləşdirirlər. Hörmüz boğazı ətrafında baş verənlər beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından vəziyyətin nə qədər həssas olduğunu bir daha ortaya qoyur. Bunu dünyanın aparıcı KİV-lərinin məlumatlarında da görmək mümkündür.

“BBC”: ABŞ Dövlət katibi Marko Rubio İsrail və Livan arasında birbaşa danışıqlara qoşulacaq. Vaşinqtonda planlaşdırılan danışıqlarda Amerika tərəfini, həmçinin Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-ın Livandakı səfiri Mişel İssa təmsil edəcək. İsrail və Livan nümayəndə heyətləri səfirlər səviyyəsində formalaşdırılacaq. Bundan əvvəl İsrail hökumətinin başçısı Benyamin Netanyahu Livanın “Hizbullah” qruplaşmasının tərk-silah edilməsi məsələsinə və münaqişənin “mümkün olan ən qısa müddətdə” nizamlanması üçün Livanla birbaşa danışıqlara təşəbbüs göstərmək qərarı barədə məlumat vermişdi.

“The Age”: Avstraliya yalnız sabit və davamlı atəşkəs olduğu təqdirdə Hörmüz boğazında gəmiçiliyin qorunması üzrə əməliyyatlarda öz iştirakını nəzərdən keçirməyə hazırdır. Bu barədə ölkənin baş nazirinin müavini Riçard Marlz bildirib. Onun sözlərinə görə, Avstraliya üçün Hörmüz boğazından gəmilərin sərbəst hərəkətini təmin etmək prinsipial olaraq vacibdir, lakin bu ərazidə naviqasiya azadlığının qorunması üzrə istənilən tədbirlərə rəsmi Kanberranın qoşulmasının mütləq şərti hərbi əməliyyatların etibarlı şəkildə dayandırılmasıdır.

“The Express Tribune”: İran və ABŞ arasında birbaşa dialoqun növbəti raundu yaxın vaxtlarda keçiriləcək, diplomatik təmasların nəticələri ümidvericidir. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. “Son dərəcə müsbət dinamika qeydə alınır”, - yazan nəşr nazirin bu sözlərini sitat gətirib. Asif qeyd edib ki, hazırkı diplomatik səylər konstruktiv məcrada inkişaf edir.

“CNN”: Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Fars körfəzi ölkələrinə iki həftəlik turnesi çərçivəsində Əbu-Dabiyə (BƏƏ) gəlib. Bu barədə “X” hesabında yazıb. “Fars körfəzi ölkələrindəki tərəfdaşlarımız üçün üç mesajla gəlirəm: İranın əsassız və qanunsuz hücumları qarşısında tam həmrəyik; Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaşıq və öz töhfəmizi verməyə hazırıq; Birgə səylərlə danışıqlar və diplomatiya yolu ilə Yaxın Şərqdə davamlı sülh üçün hərtərəfli strategiyanı dəstəkləyə bilərik”, – paylaşımında qeyd edib.

“Xinhua”: Çin Sədri Si Cinpin Yaxın Şərq böhranının nizamlanması üçün dörd bənddən ibarət variant təklif edib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin “X” hesabında yazıb. Təklifə əsasən, Yaxın Şərq ölkələri, o cümlədən Fars körfəzi dövlətləri regionda ümumi, kompleks və dayanıqlı təhlükəsizlik sistemi formalaşdırmalıdır. Çin lideri ikinci və üçüncü bənd kimi dövlətlərin suverenliyi prinsipinə sadiqliyi, habelə beynəlxalq hüququn aliliyini qeyd edib. Onun fikrincə, suverenlik bütün ölkələrin, xüsusən də inkişaf etməkdə olan çoxsaylı dövlətlərin mövcudluğunun və inkişafının əsas təməlidir, beynəlxalq hüquq isə dünyanı “cəngəllik qanunu”na qaytarmamaq üçün ümumi qanunun seçmə qaydada tətbiqinə yol verməməlidir.

“Ynet”: Tel-Əviv ABŞ Prezidenti Donald Trampa “İsrail mükafatı”nın təqdim edilməsini təxirə salmaq qərarına gəlib. Buna səbəb İsrail hökumətinin onun mərasimdə şəxsən iştirak etməsini istəməsidir. Daha əvvəl bildirilmişdi ki, Tramp mükafatı ölkənin Müstəqillik Günündə keçiriləcək xüsusi mərasimdə almalıdır. Amma Trampın mərasimdə şəxsən və ya videoəlaqə vasitəsilə iştirakı nəzərdə tutulmayıb.

“The Wall Street Journal”: Səudiyyə Ərəbistanı Hörmüz boğazının blokadasından imtina edilməsinə və İranla danışıqlara qayıdılmasına nail olmaq üçün ABŞ-a təzyiq göstərməyə çalışır. Nəşr yazır ki, Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın Hörmüzü bloklamaq qərarının İranı eskalasiyaya təhrik edə biləcəyindən, digər dəniz marşrutlarında axsamalara səbəb olacağından narahatdır.

“Al Jazeera”: Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin blokadaya aldığı Hörmüz boğazından daha bir tanker keçib. Bildirilib ki, Panama bayrağı altında üzən “Peace Gulf” tankeri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Həmriyyə limanına istiqamət alıb. Bundan əvvəl Hörmüz boğazından iki tanker keçib. Boğazdan keçən üç gəmi İran limanlarına yönəlmədiyi üçün ABŞ-ın tətbiq etdiyi blokada onlara şamil edilmir.

“Yonhap”: Cənubi Koreya Hörmüz boğazında vəziyyətin sabitləşdirilməsi üzrə birgə səylərə həsr olunmuş çoxtərəfli onlayn görüşdə iştirak edəcək. Qeyd olunub ki, görüş bu ayın əvvəlində döyüş əməliyyatlarının başa çatmasından sonra Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi variantlarının müzakirəsi məqsədilə Böyük Britaniyanın himayəsi altında keçirilmiş müşavirənin davamı olacaq. Müşavirədə 40 ölkədən hərbi mütəxəssislər iştirak edəcək.

“Qatar News Agency”: Qətər ABŞ və İran arasında Pakistanda yeni danışıqlar raundunun keçirilməsini gözləyir. Bunu Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari media üçün keçirilən brifinqdə bəyan edib: “Hazırda vasitəçilik səylərinin uğurunu və gərginliyin azaldılmasını təmin etmək məqsədilə intensiv regional əlaqələr aparılır. Biz, həmçinin Pakistanda danışıqların yeni raundunun başlaması barədə təsdiqləmə gözləyirik”.

“ANSA”: İtaliyanın Baş naziri Corciya Meloni İsraillə müdafiə sazişinin avtomatik uzadılmasının dayandırıldığını bəyan edib. Onun sözlərinə görə, bu, Yaxın Şərqdəki eskalasiya ilə əlaqədardır: “Mövcud vəziyyət fonunda hökumət İsraillə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin avtomatik uzadılmasını dayandırmaq qərarına gəlib”.

“El Pais”: İspaniyanın Baş naziri Pedro Sançesə görə, dünya Yaxın Şərqdəki münaqişə səbəbindən xaosa sürüklənib və Çin onun nizamlanmasına kömək edəcək: “İran və Hörmüz boğazı ətrafındakı vəziyyəti nizamlamağa kömək edə biləcək Çindən başqa vasitəçi tapmaq mənim üçün son dərəcə çətindir”, – deyən Sançes Pekini diplomatik istiqamətdə daha fəal hərəkət etməyə çağırıb.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr