AZ

“Tənha ağac”- şeir və hekayələri bir araya gətirən mənəvi-bədii toplu

Bakı, 15 aprel, AZƏRTAC

Filologiya elmləri doktoru, professor Almaz Ülvinin redaktorluğu ilə özbək yazıçısı Xudayberqan Şamuradovun (Xudaverdi Şahmuradov) “Tənha ağac” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab yazıçının şeir və hekayələrini bir araya gətirən mənəvi-bədii topludur. Əsərlərdə insan həyatının əsas dəyərləri – zəhmət, iman, sevgi, paylaşmaq, tarixi yaddaş və vicdan problemi ön plana çəkilir. Müəllif sadə, lakin dərin mənalı obrazlar vasitəsilə oxucunu həyatın mahiyyəti və əsl xoşbəxtliyin mənbəyi haqqında düşünməyə dəvət edir. Şeirlərdə klassik lirikanın təsiri, hekayələrdə isə realist-didaktik yanaşma aydın hiss olunur. Kitab həm bədii zövq aşılayan, həm də tərbiyəedici məzmunu ilə seçilən oxu nümunəsidir.

Almaz Ülvi kitaba “Tənha ağac”in kölgəsində Xudayberqan Şamuradovun mənəvi dünyası” adlı “Ön söz” yazıb. Şairin “Abad könül”, “Nurlu diyar”, “Bəxt səltənətinə səyahət”, “Tüfəngçi sərçələr”, “Sultan Cəlaləddin”, “Günəş və yol yoldaşı”, “Dağlardan öyrəndim”, “Saman atın sərgüzəştləri” kitabları nəşr olunub. Onun əsərləri Azərbaycan, türk, qırğız, ingilis, ərəb, hind, çin, indoneziya və tailand dillərinə tərcümə edilib. Nəşrdə təqdim olunan “Gül”, “Teymur babam”, “Qəlbdəki dərd” şeirləri və “Gül və pul”, “Ehsan”, “Tənha ağac” hekayələri Xudayberqan Şamuradovun yaradıcılıq dünyasını, onun mənəvi, estetik baxışlarını və sənət mövqeyini aydın şəkildə əks etdirir.

Kitaba adı verilən “Tənha ağac” hekayəsi isə fəlsəfi-mənəvi yükü ilə seçilir. Səhranın ortasında möcüzə kimi bitən xurma ağacı Allahın qüdrəti, təbiətin hikməti və ümidin rəmzinə çevrilir. Əsər oxucuya çətinliklər qarşısında səbir etməyi, ilahi mərhəmətə və həyatın davamlılığına inanmağı aşılayır. Bu əsərlər əsasında X.Şamuradovun ədəbi portretini belə ümumiləşdirmək olar. O, mənəvi dəyərləri maddi maraqlardan üstün tutan, insanı əxlaqi ölçülərlə dəyərləndirən bir sənətkardır. Onun yaradıcılığında zəhmət, halal qazanc, ailə, iman, paylaşmaq və mərhəmət əsas ideya xəttini təşkil edir. Müəllif pulun məqsəd deyil, vasitə olduğunu, insanı ucaldanın isə əməl və vicdan olduğunu israrla vurğulayır.

“Tənha ağac” kitabına toplanmış şeir və hekayələr oxucunu vicdanı ilə üz-üzə qoyur, onu həyatın əsl dəyərləri haqqında düşünməyə dəvət edir.

Kitabı özbəkcədən Azərbaycan dilinə Rəhmət Babacan tərcümə edib.

Seçilən
16
1
azertag.az

2Mənbələr