AZ

Trampın BLOKADA taktikası – 3-cü günün ƏSAS yekunu

ABŞ prezidenti Donald Tramp İran ətrafında tətbiq edilən dəniz blokadasının əsas hədəflərindən birinin Tehranın yenidən danışıqlar masasına qayıtmasına məcbur etmək olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton bu addımı yalnız hərbi-strateji məqsədlərlə yox, həm də diplomatik təzyiq aləti kimi qiymətləndirir. ABŞ lideri vurğulayıb ki, blokada İranı kompromisə məcbur etmək üçün nəzərdə tutulub.

“Voll Strit Jurnal” nəşri isə ərəb rəsmilərinə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazında yaranmış gərginlik fonunda ABŞ-dan blokadanın ləğvini və İranla danışıqlara qayıtmasını tələb edir. Səudiyyə tərəfi hesab edir ki, bu addım bölgədə gərginliyin daha da artmasının qarşısını ala bilər. Qeyd olunub ki, krallıq blokadanın İranla münaqişənin eskalasiyasına səbəb ola və digər mühüm dəniz marşrutlarının fəaliyyətini poza biləcəyindən ciddi narahatdır.

Bəs ABŞ hərb meydanında ala bilmədiyini danışıq masası arxasında ala biləcəkmi?

Kənan

Şərqşünas siyasi ekspert Kənan Rövşənoğlu Musavat.com-a bildirib ki, ABŞ onsuz da bütün dünyada İrana məxsus gəmilərə sanksiya tətbiq edir, bir çoxlarını həbs edir. Bu baxımdan Amerikanın İrana dəniz blokadası tətbiq etməsi ciddi nəticələr doğura bilməz: “O başqa məsələdir ki, İrana yük gətirən və İrandan neft daşıyan Çin gəmilərinə toxuna biləcəkmi? Belə görünür ki, yox. Çünki blokada rəsmi olaraq başladığı saatdan etibarən Çin XİN-i, donanma komandanlığı bəyanatlar verərək gəmilərə toxunan olarsa sərt cavab verəcəklərini bəyan ediblər.

Nəticə odur ki, ilk Çin gəmisi boğazdan keçib. Qalır digər körfəz ölkələrinin neft tankerləri. Prezident Tramp əvvəl dedi ki, boğazdan İrana rüsum ödəyib keçən gəmilər də saxlanılacaq. Amma bu nəzəri olaraq mümkün deyil. Çünki bu olsa o zaman dünya neft bazarı çalxalanar. Yəni, nəticə etibarilə bu blokada İran-ABŞ gərginliyi olacaq, özü də dar dairədə. Bu mənada düşünürəm ki, Oman körfəzində tanker izləyib tutmaq Amerika üçün əlavə başağrısı və nəticəsiz hərəkətdir. Buna görə də çox tezliklə masaya oturacaqlar. Masaya oturacaqlarının anonsunu ABŞ prezidenti artıq verib”.

Birləşmiş Ştatların danışıqlara və razılaşmaya hazır olduğunu daha bir amerikalı rəsminin açıqlamaısndan da görmək mümkündür. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Corctaun Universitetində keçirilən tədbirdə deyib ki, Vaşinqton və Tehran sonda sülh razılaşmasına nail ola biləcək, çünki hər iki tərəf bunda maraqlıdır. “Düşünürəm ki, prezidentin dediyi kimi, hər iki tərəf müxtəlif səbəblərdən bunda maraqlıdır”, - Uolts əlavə edib.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr