Macarıstanda Viktor Orbanın məğlubiyyəti ilə nəticələnən və Azərbaycan da daxil olmaqla bir sıra ölkələr üçün yeni çağırışlar yaradan seçkilər Avropanın qələbəsi kimi qiymətləndirilir. Brüssel “diktator” adlandırdığı Orbanı nəhayət “taxtından” endirə bildi, hərçənd, 10 ildən artıq ölkəyə rəhbərlik edən macar lider demokratik seçki ilə hakimiyyətə gəlmişdi və seçki ilə də getdi. Təkcə bu amil Orban haqqında “avtotarizm” iddialarının siyasi məqsədlərə hesablanmış təbliğat olduğunu deməyə əsas verir.
2010-cu ildə hakimiyyətə gələn Orbanın “günahı” Avropada Macarıstan mərkəzli siyasət izləməsi idi və bu, onu Brüsseldə, xüsusilə ultra-liberalların arzulamadığı liderə çevirmişdi.
- Üzvü olduğu Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən nəzərdən keçirərək, Brüsselin daxili işlərə müdaxilə edən mexanizmini zəiflətdi;
- Ölkədə “qeyri-liberal demokratiya” elan edərək, Avropanın “liberal dəyərləri”ni arxa plana keçirdi;
- İqtisadi siyasəti Aİ-dən müstəqil şəkildə həyata keçirmək, xüsusilə alternativ ticarət tərəfdaşları – Rusiya, Çin, Türkiyə, Hindistan və s. ilə işləmək xəttini tutdu;
- Ölkədə Soros şəbəkəsinə qarşı “müharibə” elan etdi;
- NATO üzvü olmasına baxmayaraq, milli təhlükəsizliyin təmin edilməsi siyasətini də izləyirdi: ordunun “Zrinyi 2026” proqramı çərçivəsində modernləşdirilməsi, yeni hərbi akademiyaların açılması və digər bu kimi addımlar belə nümunələrdəndir;
- 51 bəndlik Milli Təhlükəsizlik Strategiyasını yeniləyərək, 179 bəndə qədər genişləndirdi və “QHT-lərin milli təhlükəsizliyə təhdid yaratması” problemini də bura daxil etdi: bu, vətəndaş cəmiyyəti üzərindən müdaxilə siyasətini yürüdən liberal qanada zərbə demək idi;
- Ailə dəyərlərinin ultra-liberal təsirlərdən qorunması məqsədilə LGBT hüquqularını məhdudlaşdırdı.
Və Aİ ilə rəqabətdə olan Rusiya və Tramp Amerikası kimi güc mərkəzləri ilə müstəqil münasibətlər qurması, eyni zamanda, Türk Dövlətləri Təşkilatında yer alması Brüsseldə heç də xoş qarşılanmırdı. Orbanın devrilməsi qərarı hələ 2015-ci ildə - Soros şəbəkəsinə qarşı açıq mübarizəyə başladığı, 2018-ci ildə “Stop Soros” qanun layihəsini irəli sürdüyü vaxt verilmişdi. Lakin macar xalqı onu qoruya bildi. 2022-ci ildə Ukrayna müharibəsi başladıqdan sonra isə Orban Avropada alternativ siyasətin mərkəzində dayanan əsas fiqura çevrildi. O hesab edirdi ki, Ukraynaya görə Aİ Rusiya ilə qarşıdurmaya getməməli, xüsusilə enerji əməkdaşlığını davam etdirməlidir. Macarıstanın Rusiya ilə enerji əməkdaşlığını saxlaması da Brüsseldə “üsyan” kimi qarşılanırdı. ABŞ-da Trampın yenidən hakimiyyətə gəlişi Orbanın mövqelərini gücləndirən amilə çevrilmişdi, hərçənd, Vaşinqton-Brüssel xəttində uzaqlaşma Budapeşti geosiyasi mübarizə meydanına çevirdi. Xüsusilə iki amilin əhəmiyyətli rol oynadığı görünür:
1. ABŞ-ın Qərb yarımkürəsində möhkəmlənmək və Avropanın müdafiəsindən çəkilmək gedişləri;
2. Trampın Ukrayna münaqişəsinə yanaşması və Rusiya ilə anlaşmaq istəkləri.