AZ

TƏBİB-də yeni dövr: səhiyyə islahatları daha dərin mərhələyə keçir 

“Azərbaycanda səhiyyə sistemində son illər həyata keçirilən mərhələli islahatlar artıq nəzəri müstəvidən çıxaraq real nəticələrlə müşayiət olunan yeni inkişaf mərhələsinə daxil olub. İcbari tibbi sığortanın tam tətbiqi, xidmət paketinin genişləndirilməsi, tibbi xidmətlərin maliyyələşdirmə mexanizminin yenidən qurulması və TƏBİB-in institusional rolunun gücləndirilməsi göstərir ki, ölkə səhiyyəsində Azərbaycan modeli formalaşır.

Bu model mahiyyət etibarilə kontinental Avropa yanaşmasına daha yaxındır. Burada dövlət əsas maliyyələşdirici rolunu qoruyur, sığorta sistemi isə mərkəzləşdirilmiş və şəffaf mexanizmlərlə idarə olunur. Bazar prinsiplərindən fərqli olaraq, bu yanaşmanın mərkəzində insan amili, sosial rifah və universal əlçatanlıq dayanır”.
 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Yeni mərhələ: səhiyyədə idarəetmənin yenilənməsi
Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin səhiyyənin idarə olunması ilə bağlı imzaladığı son qərarlar bu sahədə yeni mərhələnin əsasını qoyub: “İcbari tibbi sığorta mexanizmlərinin sosial müdafiə sistemi ilə daha sıx inteqrasiyası, maliyyə və xidmət funksiyalarının ayrılması, TƏBİB-in xidmət təminatçısı kimi rolunun artırılması sistemin daha çevik və nəticəyönümlü idarə olunmasına hesablanıb.

Məhz bu kontekstdə TƏBİB-ə yeni rəhbər təyinatı xüsusi diqqət çəkir. Anar Bayramovun rəhbərliyə gətirilməsi səhiyyədə idarəetmənin modern prinsiplər əsasında yenilənməsi, rəqəmsallaşmanın sürətlənməsi və vətəndaşyönümlü xidmət modelinin daha da güclənməsi üçün yeni impuls hesab olunur”.

Deputat əalvə edib ki, yeni rəhbərliklə birlikdə islahatların aşağıdakı istiqamətlər üzrə dərinləşməsi gözlənilir: “Xidmətlərin əlçatanlığının artırılması; şəffaf maliyyə idarəçiliyinin gücləndirilməsi; rəqəmsal səhiyyə həllərinin genişləndirilməsi; regionlarda xidmət keyfiyyətinin yüksəldilməsi; vətəndaş məmnunluğunun əsas performans meyarına çevrilməsi. 

Alıcı-təminatçı modeli: səhiyyədə yeni iqtisadi mexanizm
Yeni modelin ən mühüm tərəflərindən biri “alıcı-təminatçı” prinsipidir. Bu sistemdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tibbi xidmətlərin maliyyələşdirici alıcısı, TƏBİB isə xidmət təminatçısı rolunda çıxış edir.
Bu yanaşma klassik dövlət səhiyyə modelindən fərqli olaraq daha yüksək səmərəlilik və şəffaflıq vəd edir. Maliyyə və xidmət funksiyalarının ayrılması resursların daha düzgün bölüşdürülməsinə, xəstəxanaların fəaliyyətinin nəticəyə əsaslanan meyarlarla qiymətləndirilməsinə imkan verir.
Bu modelin digər üstünlüyü səhiyyədə “kölgə xərcləri”nin azalması və qeyri-rəsmi ödənişlərin qarşısının alınması üçün daha əlverişli zəmin yaratmasıdır”.

Sosial dövlət yanaşması: Azərbaycan modelinin fəlsəfəsi
Deputat onu da qeyd edib ki, Azərbaycanın seçdiyi modelin əsas fəlsəfəsi sosial dövlət prinsipinə söykənir: “Dövlət vətəndaşın sağlamlığının qorunmasında əsas məsuliyyət daşıyır, sığorta mexanizmi isə risklərin paylaşdırılmasını təmin edir.
Bu, xüsusilə aşağı gəlirli və sosial həssas qruplar üçün mühüm üstünlüklər yaradır. Tibbi xidmətlərin universal əlçatanlığı sosial bərabərliyin qorunmasına, ailələrin tibbi xərclərdən maliyyə baxımından qorunmasına və ümumi rifahın yüksəlməsinə xidmət edir.
Beynəlxalq təcrübə göstərir ki, Almaniya, Fransa, Estoniya və Türkiyə kimi ölkələrdə oxşar modellər uğurla tətbiq olunur. Azərbaycan da bu təcrübələri yerli reallıqlara uyğunlaşdırmaqla özünəməxsus və effektiv səhiyyə idarəetmə modeli qurur.

TƏBİB-də yeni dövr: şəffaflıq, əlçatanlıq, inkişaf
Bu gün əsas məsələ təkcə struktur dəyişiklikləri deyil, həm də idarəetmə keyfiyyətinin yüksəldilməsi, institusional dayanıqlığın təmin olunması və xidmətin insan mərkəzli fəlsəfə üzərində qurulmasıdır.

TƏBİB-ə yeni rəhbər təyinatından sonra islahatların daha da genişlənməsi səhiyyədə üç əsas prioriteti ön plana çıxarır: əlçatanlıq; şəffaflıq  və inkişaf. Məhz bu üç istiqamət Azərbaycan səhiyyəsində formalaşan yeni modelin uğurunu müəyyənləşdirəcək əsas meyarlar kimi çıxış edir”.

 Mürtəza

Seçilən
13
olke.az

1Mənbələr