AZ

Orban getdi, diqqət onlara yönəldi - Fitso, Babiş, Meloni, Radev...

BAKI, 15 aprel. TELEQRAF

On beş ildən çoxdur Macarıstan Baş naziri olan Viktor Orbanın parlament seçkilərində müxalif “Tisa” partiyasının sədri Peter Madyara məğlubiyyətindən sonra bəzi digər Avropa ölkələrinin liderləri də diqqət mərkəzindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin fikrincə, Viktor Orbandan başqa, Avropa İttifaqını (Aİ) pozan liderlərdən biri Slovakiya Baş naziri Robert Fitsodur. O, əvvəllər Orbana qoşularaq Rusiyaya qarşı sanksiyaların qarşısını almış, Slovakiyanın Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit sxemindən çıxarılmasını tələb etmişdi.

Fitso Orbanın gedişindən sonra Rusiyanın Aİ-dəki yeganə ən yaxın və bəlkə də sonuncu dostu olaraq qalır.

Slovakiya lideri ötən ay seçkilərdə uduzacağı təqdirdə Orbanın yerinə Kiyevə 90 milyard avroluq kredit verilməsinə veto qoya biləcəyi barədə xəbərdarlıq etmişdi. İndi sual Fitsonun bu təhdidinə əməl edib-etməyəcəyi, yoxsa Aİ-ni dəstəkləyəcəyi ilə əlaqəlidir.

Bir Aİ rəsmisi “Politico”ya bildirib: “Düşünürəm ki, Fitso və digərləri Orbanın yolu ilə getməyin risk və nəticələrini yaxşı bilirlər”.

Digər problem yaradan lider kimi “Çex Tramp” ləqəbli 71 yaşlı milyarder, Çexiya Baş naziri Andrey Babişin adı çəkilir.

Babiş Orban və Fitso ilə birlikdə ölkəsinin Ukrayna üçün Aİ krediti proqramından çıxarılmasını tələb edir. Həmçinin Kiyevə dəstəyin azaldılmasına çağırır, amma Ukrayna üçün sursat almaq təşəbbüsündən də imtina etməyib.

Nəşrin iddiasına görə, İtaliyan Baş naziri Corciya Meloni üç il əvvəl hakimiyyətə gəldikdən bəri Brüsselə qarşı təhlükəli yolla gəlir, beynəlxalq münasibətlərdə sağçı-millətçi siyasətini avropayönlü mövqeyi ilə balanslaşdırıb. Danimarka Baş naziri Mette Frederiksen kimi digər liderlərlə hərəkət edən Meloni Aİ-nin miqrasiya siyasətini sərtləşdirməyə çalışır.

Avropalı diplomatlardan biri Meloninin Orbandan “tam fərqli” siyasətçi olduğunu söyləyir. Amma digəri xəbərdarlıq edib ki, İtaliya Baş naziri Viktor Orbanla eyni siyasi ailədəndir, buna görə də onu istisna etmək olmaz.

“Avropa Şurasının son iclasında Orbanla razılaşan yeganə şəxs Meloni olub. Görünür, aralarında ideoloji əlaqə var”, - deyə digər Aİ diplomatı İtaliya liderinin mart sammitində Ukraynaya verilən kreditlə bağlı Orbanın mövqeyini anladığını öz həmkarlarına etiraf etməsinə toxunaraq qeyd edib.

Nəhayət, yanvarda istefa verərək yeni partiya quran və bazar günü keçiriləcək parlament seçkilərində iştirak edəcək Bolqarıstanın keçmiş prezidenti Rumen Radev illərdir Sofiyada davam edən siyasi durğunluqdan sonra qələbə yolundadır. Nəşr hesab edir ki, Radev Aİ üçün problemlər yarada bilər. Bolqar lider Ukraynanın Rusiyaya qarşı müharibəyə məcbur edildiyini və Aİ-nin Kiyevə hərbi dəstəyinin doğru olmadığını iddia edən Avropa liderləri sırasındadır.

Seçilən
11
teleqraf.com

1Mənbələr