AZ

“Papa ehtiyatlı olmalıdır”: ABŞ vitse-prezidentindən Roma Papasına SƏRT MESAJ

Cey Di Vens Roma Papası ilə mübahisə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Turning Point USA” məlumat yayıb.

ABŞ ilə Vatikan arasında gərginlik yeni mərhələyə keçib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Lev ilə açıq mübahisəyə girib.

Vens pontifikin İranla müharibə haqqında söylədiyi fikirləri sərt tənqid edərək, bu bəyanatların ilahiyyat həqiqətlərinə əsaslanmadığını iddia edib.

Bununla belə, o, Papaya hörmət etdiyini və onun dünya siyasəti haqqında fikir bildirmək hüququnu tanıdığını vurğulayıb.

Mübahisəyə səbəb XIV Levin “Allah müharibəyə xeyir-dua vermir” məzmunlu paylaşımı olub.

Vens “Turning Point USA” tədbirində çıxışı zamanı bu fikrə etiraz edərək, İkinci Dünya müharibəsini xatırladıb.

O, amerikalı əsgərlərin Avropanı nasistlərdən azad etdiyi və konsdüşərgələrdəki dustaqları xilas etdiyi zamanı nəzərdə tutaraq, Papaya “bəs o zaman bu müharibəyə necə yanaşmaq lazımdır?” sualını ünvanlayıb.

“ABŞ-nin vitse-prezidenti üçün dövlət siyasəti məsələləri haqqında danışarkən ehtiyatlı olmaq nə qədər vacibdirsə, hesab edirəm ki, Papa üçün də ilahiyyat məsələləri haqqında danışarkən çox, həddindən artıq ehtiyatlı olmaq lazımdır”, – Vens əlavə edib.

Qeyd edək ki, bu mübahisə Vaşinqton ilə Vatikan arasında davam edən açıq qarşıdurmanın davamıdır. Daha əvvəl Donald Tramp da Papanın müharibə ilə bağlı tənqidlərinə cavab olaraq, onun xarici siyasət sahəsindəki fikirlərini “fəlakət” adlandırmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
interpress.az

1Mənbələr