AZ

Baş mexanik: Pik saatlarda tıxacda qalmaq istəməyən vətəndaşlar Bakı Funikulyorundan istifadə edirlər

Bakı, 15 aprel, AZƏRTAC

Bakı Funikulyorundan istirahət və bayram günlərində daha çox istifadə olunur. Turistlər və yerli sakinlər paytaxtın gözəl mənzərəsini görmək üçün Funikulyora böyük maraq göstərirlər. Həmçinin günün pik saatlarında tıxacda qalmaq istəməyən vətəndaşlar Bakı Funikulyorundan istifadə edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Funikulyorunun istismar sahəsinin baş mexaniki Cavid Cavadov deyib.

O bildirib ki, Türkiyə, Rusiya, Çin və Hindistandan gələn turistlər Bakı Funikulyoruna böyük maraq göstərirlər.

Cavid Cavadov diqqətə çatdırıb ki, sərnişinlərin təhlükəsizliyi yüksək səviyyədə qorunur və Funikulyorun sistemi yüksək texniki təhlükəsizlik standartlarına malikdir.

“Vaqon elektron sistemlə maşinistlər tərəfindən idarə olunur və eyni zamanda, əlavə maşinist operator idarəetmə otağında prosesə nəzarət edir. Funikulyor həftənin birinci günü işləmir. Həmin gün profilaktik tədbirlər keçirilir və müəyyən texniki yoxlamalar aparılır. Gündəlik yoxlamalardan əlavə ildə bir dəfə Funikulyorun texniki təhlükəsizliyi Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun nümayəndələrinin iştirakı ilə yoxlamadan keçirilir. Müəyyən icazələr verildikdən sonra Funikulyor öz işinə davam edir”, - deyə o vurğulayıb.

Müxbirlər - Günel Türksoy, Ləman Şükürlü, Aydan Əmirova

Seçilən
17
1
azertag.az

2Mənbələr