Yeni hesabatlara görə, yaxın 100-200 il ərzində baş verə biləcək güclü Günəş fırtınası peykləri, GPS sistemlərini və elektrik şəbəkələrini ciddi şəkildə poza bilər.
Day.Az xəbər verir ki, Böyük Britaniyanın Science and Technology Facilities Council tərəfindən hazırlanan hesabatda bu cür hadisələrin "real və mümkün risk" olduğu bildirilir.
Alimlər Günəşdə baş verən partlayışların və maqnit qasırğalarının Yerə ciddi təsir göstərə biləcəyini qeyd edirlər.
Mütəxəssislərin sözlərinə görə, belə fırtınalar elektrik xətlərində əlavə yüklənmələr yaradaraq genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.
Eyni zamanda transformatorlar zədələnə, enerji sistemləri uzun müddət bərpa olunmaz hala düşə bilər. Peyklər isə kosmosda yüksək radiasiya və atmosfer sıxlığının artması səbəbindən zədələnə və ya sıradan çıxa bilər.
Bundan əlavə, GPS, radar və radio rabitə sistemlərində ciddi pozulmalar yarana bilər ki, bu da aviasiya və dəniz nəqliyyatına təsir edər.
Alimlər xəbərdarlıq edir ki, bütün risklərə baxmayaraq, müasir müşahidə sistemləri sayəsində Günəş fəallığı əvvəlcədən daha yaxşı izlənilir və mümkün fırtınalara hazırlıq üçün vaxt qazanmaq olur.