AZ

Sürücülərin NƏZƏRİNƏ: Zibil atmağa görə cərimələr SƏRTLƏŞDİRİLİR

Avtomobilin pəncərəsindən zibil atan sürücüləri 50 min rubla qədər cərimə gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avtomobilin pəncərəsindən zibil, o cümlədən siqaret kötükləri atmağın cəzası sərtləşdirilib.

Yeni qaydalara əsasən, bu əməli törədən fiziki şəxslər 10 min rubldan (təxminən 225 manat) 15 min rubla (təxminən 340 manat) qədər cərimələnəcəklər.

Vəzifəli şəxslər üçün cərimə məbləği 20 min rubldan (təxminən 452 manat) 30 min rubla (təxminən 678 manat), hüquqi şəxslər üçün isə 30 min rubldan (təxminən 678 manat) 50 min rubla (təxminən 1 130 manat) qədər müəyyən edilib.

Ekspertlər bildirirlər ki, bu cür halla qarşılaşan şahidlər qayda pozan şəxs barədə polisə və ya Dövlət Yol Polisinə (GAİ) şikayət edə bilərlər.

Ərizəni şəxsən və ya “Qosusluqi” portalı vasitəsilə təqdim etmək mümkündür.

Mütəxəssislər, həmçinin vurğulayırlar ki, avtomobilin pəncərəsindən zibil atan sürücünün foto və ya video çəkilişinin aparılması onun hüquqlarının pozulması hesab edilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr