“Loqopedlərə valideynlər hər yaş aralığında nitq qüsuru olan uşaqları ilə müraciət edə bilərlər. Əgər autizm erkən yaşlarda (1-3 yaş arası) aşkar edilibsə, bu zaman psixo-pedaqoji, sensor terapiya, müalicəvi idman, özünəxidmət bacarıqları və s. kimi məşğələlərin olması məqsədəuyğundur”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova açıqlayıb.

O qeyd edib ki, loqopedik konsultasiyalar isə hər yaş aralığında aparıla bilər. Valideynlərin narahatçılıqları başa düşüləndir, çünki bu cür uşaqlarda gözə görünən simptomlardan biri nitqin olmaması, nitqin kobut pozuğunluqlarıdır. Loqopedik məşğələləri üçün isə ən düzgün yaş dövrü 3-4 yaşdan 6 yaşa kimidir.
3 yaşa kimi uşaq hələ məqsədyönlü məşğələlərə hazır deyil. Autizm sindromlu uşaqlar ilə loqopedik iş əsasən kommunikativ bacarıqların inkişafı üzərində aparılır:
“İlk öncə istəklərini ifadə edə bilməsi üçün, sosial cavab reaksiyasını verməsi, informasiyanı cavablandırmaq, sual verməyi bacarması, emosiyalarını, hislərini ifadə etməyi bacarmalı və onlar haqqında məlumat və ən önəmlisi dialoq bacarıqlarının formalaşdırması üçün”.
Autizm sindromlu uşaqlar ilə korreksion iş fərdi yanaşma prinsipini üzərindən aparılmalı. Loqoped monoton,şablon metodlardan istifadə etməməli,istifadə etdiyi metodları konkret uşağa uyğun olmalı və onun maraqlarını nəzərə almalıdır.
Unutmamalıyıqki, autizm sindromlu uşaqların potensial imkanları çox önəmlidir.