AZ

Hər doğulan 30 oğlan uşağından biri Uğur, hər 38 qızdan biri Melisa adlanır – Ad seçimi dar çevrədə cəmləşirmi?

Son dövrlər yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik mövzusu ətrafında müzakirələr genişlənməkdədir. Haqlı olaraq, uşaqlara verilən adlarda milli ad ənənələrinin qorunması vacib hesab olunur. Çünki ad yalnız bir söz deyil — o, insanın kimliyinin, mədəniyyətinin və cəmiyyətə aidiyyətinin mühüm göstəricisidir.

Təəssüf ki, bu gün ad seçimi zamanı bəzən xarici təsirlər, müxtəlif serial və filmlərin qəhrəmanları, sosial media trendləri və ya dini amillər əsas götürülür. Bu isə cəmiyyətdə haqlı narahatlıq yaradan məsələlərdən biridir. Lakin daha az müzakirə edilən, amma getdikcə daha ciddi xarakter alan başqa bir məqam da var: müəyyən sayda adın həddindən artıq geniş yayılması.

Halbuki ad həm də fərdi identifikasiya elementidir. Oxşar adların çox təkrar olunması gələcəkdə praktiki problemlər yarada bilər. Artıq indi eyni ad və soyadın birlikdə çoxsaylı hallarda təkrarlanması müşahidə olunur. 20–25 ildən sonra bu sıraya eyni ata adlarının da əlavə olunması ehtimalı yüksəkdir. Nəticədə biz xeyli sayda insanın eyni ad, soyad və ata adı daşıdığı halların artmasına şahid ola bilərik.

 

2025-ci ilin statistikası: ad seçimi müəyyən istiqamətdə cəmləşir

2025-ci ildə Azərbaycanda doğulan uşaqlara qoyulan adların statistikası maraqlı bir tendensiyanı üzə çıxarır. Rəsmi məlumatlara görə, ötən il ölkədə 95 875 körpə doğulub, onların:

•           53,1 faizi oğlan,

•           46,9 faizi isə qız uşaqları olub.

Statistik göstəricilər göstərir ki, bəzi adlar sürətlə populyarlaşaraq geniş yayılır və bu hal artıq ümumi ad fonduna təsir edən bir sosial meyl kimi diqqət çəkir.

 

Oğlan adlarında: hər 5 oğlan uşağından biri eyni 10 addan birini daşıyır

2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib və nəticədə təxminən hər 30 oğlan uşağından biri Uğur adlandırılıb.

Lakin diqqət çəkən məqam yalnız bir adın lider olması deyil. Digər populyar adların da minlərlə uşağa verilməsi göstərir ki, ad seçimi getdikcə müəyyən bir “dar çevrə” daxilində cəmləşir.

2025-ci ildə ən çox qoyulan 10 oğlan adı:

•           Uğur — 1721 nəfər

•           Raul — 1301 nəfər

•           Hüseyn — 1164 nəfər

•           Əli — 1151 nəfər

•           Yusif — 1100 nəfər

•           Miran — 855 nəfər

•           Ömər — 784 nəfər

•           Ayxan — 737 nəfər

•           Tunar — 693 nəfər

•           Murad — 677 nəfər

 

Bu 10 ad birlikdə 10 183 oğlan uşağına verilib. Ümumi oğlan uşaqlarının sayı isə təxminən 50 906 nəfər olub.

Oğlanların təxminən 20 faizi, yəni hər 5 oğlan uşağından biri cəmi 10 ən populyar addan birini daşıyır.

 

Qız adlarında da eyni tendensiya müşahidə olunur

Oxşar vəziyyət qız adlarında da müşahidə edilir. 2025-ci ildə qız uşaqlarına ən çox Melisa adı verilib və bu ad 1200 nəfərə qoyulub. Bu isə təxminən hər 38 qızdan birinin Melisa adlandırılması deməkdir.

Digər populyar qız adlarının da yüksək sayla seçilməsi göstərir ki, ad seçimi müəyyən istiqamətdə cəmləşir və müxtəliflik tədricən azalır.

2025-ci ildə ən çox qoyulan 10 qız adı:

•           Melisa — 1200 nəfər

•           Zeynəb — 1129 nəfər

•           Məryəm — 1127 nəfər

•           Nilay — 1112 nəfər

•           Aylin — 1095 nəfər

•           Zəhra — 1066 nəfər

•           Ayla — 1053 nəfər

•           İnci — 950 nəfər

•           Alisa — 946 nəfər

•           Fatimə — 803 nəfər

Bu 10 ad birlikdə 10 481 qız uşağına verilib. Ümumi qız uşaqlarının sayı isə təxminən 44 969 nəfər olub.

Qızların təxminən 23 faizi,  yəni hər 4–5 qız uşağından biri cəmi 10 ən populyar addan birini daşıyır.

 

Ümumi mənzərə: ad müxtəlifliyi azalırmı?

Aparılan hesablamalar göstərir ki, həm oğlan, həm də qız uşaqları arasında cəmi 10 ən populyar ad artıq çox geniş yayılıb və böyük bir uşaq qrupunu əhatə edir. Bu, ad seçiminin təsadüfi deyil, müəyyən sosial və mədəni faktorların təsiri ilə formalaşdığını göstərir.

Mütəxəssislərin fikrincə, hər zaman bu tendensiyanın arxasında bir neçə əsas səbəb dayanır:

•           televiziya və kino obrazlarının təsiri

•           sosial şəbəkə və media trendləri

•           dini və tarixi şəxsiyyətlərə bağlılıq

•           qohum və ailə ənənələri

•           qısa və müasir səslənən adlara üstünlük verilməsi

Amma sön dövrlər bu tendensiyasan daha çox yayaılması və müxtəlif təsirlərin güclənməsi də düşündürücü məqam sayılır.

Düşündürücü məqamdır ki, 2025-ci ilin statistikasına görə hər 5 oğlan uşağından biri və hər 4–5 qız uşağından biri cəmi 10 ən populyar addan birini daşıyır.

Bu göstərici ad seçiminin getdikcə daha məhdud bir çevrədə cəmləşdiyini və uzun müddətdə ad müxtəlifliyinin azalması, eləcə də identifikasiya və idarəetmə baxımından əlavə çətinliklər yarada biləcəyini göstərən mühüm sosial-mədəni tendensiya kimi qiymətləndirilə bilər.

Cəsarət Hüseynzadə

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri

 

Seçilən
17
qht.az

1Mənbələr