AZ

Dövlət büdcəsindən asılılığın azaldılması: YENİ TƏKLİFLƏR

Yazını böyüt
Yazını kiçilt

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Mərkəzin və Hüquq və İnsan Haqları İnstitutunun gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib.

Hafta.az xəbər verir ki, Müşahidə Şurasının sədri Gündüz Kərimov çıxış edərək gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Bildirib ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasının həyata keçirilməsi, onların optimallaşdırılması üzrə tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Bunun davamı olaraq 2026-cı ildə bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar imzalanıb, həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləğləri artırılıb, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri yenidən müəyyənləşdirilib.

Göstərilənlərlə əlaqədar Mərkəzin və İnstitutun strukturu, işçilərinin say həddi, əməyin ödənişi fondu, optimal təşkilati-hüquqi formanın seçimi, habelə xərclərin azaldılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb və Şura üzvləri tərəfindən qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Müşahidə Şurası tərəfindən Mərkəzin və İnstitutun dövlət büdcəsindən asılılığının azaldılması məqsədilə xərclərinin optimallaşdırılması, o cümlədən təşkilati-hüquqi formalarının dəyişdirilməklə yenidən təşkil olunmasının mümkünlüyü barədə təkliflər nəzərdən keçirilib və bununla bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, İnstitutun ştat sayı, strukturu və fəaliyyəti üzrə xərclərinin optimallaşdırılması üçün funksiyaları oxşar olan bir sıra vəzifələrin birləşdirilməsi yolu ilə daha səmərəli strukturun formalaşdırılmasının zəruriliyi qeyd edilib. Bu çərçivədə, Müşahidə Şurası tərəfindən İnstitutun yeni strukturunun təsdiqlənməsi kimi optimallaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun hesab olunub.

Seçilən
20
hafta.az

1Mənbələr