AZ

“Anglo Asian Mining” Azərbaycanda ilk rübdə hasilatı kəskin artırıb, gəlirləri əhəmiyyətli yüksəlib

Britaniyanın “Anglo Asian Mining plc” mədən şirkəti 2026-cı ilin ilk rübü üzrə istehsal və satış nəticələrini açıqlayıb. Hesabatdan məlum olur ki, istehsal və maliyyənəticələri xeyli yaxşılaşıb.

Banker.az xəbər verir ki, mədən şirkətinin xalis pul vəsaiti illik müqayisədə kəskin artaraq 17.7 mln. dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 13.8 mln. dollar xalis borcla müqayisədə 31.5 mln. dollar yaxşılaşma deməkdir. Ümumilikdə xalis pul mövqeyi rüb ərzində 15.4 mln. dollar artıb.

İstehsal göstəricilərinə görə, mis hasilatı illik müqayisədə 7 dəfə artaraq 3 711 ton olub. Halbuki, ötən ilin I rübündə cəmi 534 ton mis istehsal olunmuşdu. Artım əsasən “Gədəbək” və “Dəmirli” yataqlarında hasilatın genişlənməsi ilə bağlıdır.

Qızıl hasilatı isə demək olar sabit qalaraq 0.6% artımla 6 062 unsiya təşkil edib (2025 I rüb: 6,028 unsiya). Gümüş hasilatı isə 41.2% artaraq 42 796 unsiyaya yüksəlib (2025 I rüb: 30,315 unsiya).

Satış göstəricilərinə gəldikdə, qızıl külçələrinin satış həcmi 13.7% azalaraq 4 100 unsiya olub (2025 I rüb: 4 753 unsiya). Buna baxmayaraq, orta satış qiyməti 66.3% artaraq 4 728 dollar/unsiya təşkil edib (2025 I rüb: 2 843 dollar/unsiya).

Mis konsentratı satışları isə kəskin artım nümayiş etdirib. Satış həcmi 697.3% artaraq 18,553 ton olub (2025 I rüb: 2,327 ton), satış dəyəri isə 1,012.2% artaraq 45.6 mln. dollar təşkil edib (2025 I rüb: 4.1 mln. dollar). Bunun 24.2 mln. dolları “Gədəbək”, 21.4 mln. dolları isə “Dəmirli” layihəsinin payına düşüb.

Şirkətin pul vəsaitləri 23.2% artaraq 37.2 mln. dollar olub (2025 ilin sonu: 30.2 mln. dollar), borcları isə 30.1% azalaraq 19.5 mln. dollara enib (2025 ilin sonu: 27.9 mln. dollar).

Hesabat dövrünün sonunda satılmamış qızıl və mis ehtiyatlarının bazar dəyəri illik müqayisədə 310.7% artaraq 30.8 mln. dollar təşkil edib (2025 I rüb: 7.5 mln. dollar).

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.

 

Seçilən
14
banker.az

1Mənbələr