Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu, B.Atakişiyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Heydərli Heydər Dağlar oğluna məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama aparıb.
Ucnoqta.az xəbər verir ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstədiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi, baytarlıq-ekspertiza sənədləri olmayan balıq məhsullarından istifadə edildiyi, qida məhsullarının və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlandığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin sağlamlıq arayışlarının mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.
Müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb. Suşi məhsullarından nümunələr götürülərək mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.