Türkiyənin Kahramanmaraş şəhərindəki Aysel Çalık Orta Məktəbində baş verən qanlı hadisənin yeni təfərrüatları məlum olub. Hücumu həmin məktəbin 8-ci sinif şagirdi olan İ.A.M.-nın törətdiyi və hadisədən sonra intihar etdiyi bildirilir.
Atasının Silahları ilə Məktəbə Gəlib
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum edən şəxs məktəbə bel çantasında gizlətdiyi silahlarla daxil olub. Kahramanmaraş Valisi Mükerrem Ünlüerin açıqlamasına görə, şagirdin atası keçmiş polis müfəttişidir. İ.A.M. atasının silahlarını (5 ədəd) və 7 dolu darağı götürərək saat 13:45 radələrində məktəbə gəlib və 5-ci sinif şagirdlərinə qarşı hədəf seçmədən atəş açıb.
Dəhşət Anları: Şagirdlər Pəncərələrdən Qaçıblar
Hadisə zamanı məktəbdə böyük təşviş yaşanıb. Yayılan görüntülərdə silah səslərindən qorxan şagirdlərin canlarını qurtarmaq üçün pəncərələrdən atılaraq qaçdıqları əks olunub. Hücum nəticəsində 1-i müəllim olmaqla cəmi 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Hücum edən İ.A.M. hadisə yerindəcə özünə atəş açaraq həyatına son qoyub.
Rəsmi Tədbirlər və Yayım Qadağası
Türkiyənin Ədliyyə Naziri Akın Gürlek hadisə ilə bağlı genişmiqyaslı araşdırmanın davam etdiyini bildirib. İstintaqın gedişatı üçün yayım qadağası qüvvədədir və 7 prokuror hadisə yerində araşdırmaları davam etdirir.
Hazırda yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir, məktəb ərazisi isə tamamilə mühasirəyə alınıb.