AZ

Politoloq: Qlobal qeyri-müəyyənlik fonunda Azərbaycanın balanslı siyasəti nümunə kimi önə çıxır

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan uzun illərdir ki, praqmatik və düşünülmüş siyasət yürüdərək dünya miqyasında öz yerini və çəkisini formalaşdırmış bir ölkəyə çevrilib. Ölkəmizin əldə etdiyi uğurların əsasında məhz bu ardıcıl və məqsədyönlü siyasi kurs dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O bildirib ki, bu gün dünyada baş verən siyasi proseslər ciddi narahatlıq doğurur. Müxtəlif bölgələrdə qanlı toqquşmalar, qarşıdurmalar və müharibələr davam edir. Ancaq ölkələrə qarşı artan beynəlxalq təhdidlər fonunda Azərbaycan balanslı və uzaqgörən siyasət yürüdərək öz dövlət müstəqilliyini və suverenliyini qoruyur, eyni zamanda, mövcud riskləri səmərəli şəkildə neytrallaşdırır.

“Azərbaycanın beynəlxalq aləmdə etibarlı və inamlı tərəfdaş kimi tanınması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin sözünün imzası ilə üst-üstə düşməsi, sülhə və təhlükəsizliyə verdiyi töhfələr onu qlobal proseslərdə seçilən və hörmətlə qarşılanan dövlətlərdən birinə çevirib. Təsadüfi deyil ki, Azərbaycan hələ illər əvvəl dünya miqyasında mühüm əhəmiyyət daşıyan enerji layihələrinin təşəbbüskarı və icraçısı olub. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu böyükdür. Bununla yanaşı, Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr, logistika və beynəlxalq tranzit yükdaşımaları sahəsində gördüyü işlər, həmçinin yaşıl və alternativ enerji istiqamətində reallaşdırdığı təşəbbüslər qlobal miqyasda mühüm töhfədir. Ölkəmiz iqtisadi əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə də xidmət edir”, - deyə politoloq əlavə edib.

S.Kərimli qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyevin Gürcüstana son səfəri zamanı səsləndirdiyi fikirlər də xüsusi diqqətə layiqdir.

“Dövlətimizin başçısının vurğuladığı kimi, bölgədə uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında iqtisadi əməkdaşlığın rolu olduqca böyükdür. Azərbaycan daim xoş niyyətli və qarşılıqlı faydalı layihələr həyata keçirərək, bu siyasətini ardıcıl şəkildə davam etdirir. Məhz bu yanaşma sayəsində ölkəmiz bu gün qlobal proseslər fonunda öz müstəqil və prinsipial siyasi kursunu uğurla nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycanın balanslı və düşünülmüş siyasəti bu gün bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir”, - deyə o vurğulayıb.

Seçilən
13
3
azertag.az

7Mənbələr