AZ

Hansı yaşda çəki artımı erkən ölüm riskini yüksəldir?

Gənc yaşlarda çəki artımı 60 yaşa qədər erkən ölüm riskini ciddi şəkildə yüksəldə bilər. Bu nəticəyə Lund Universitetinin alimləri 600 mindən çox insanın məlumatlarını təhlil edərək gəliblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “EClinicalMedicine” (ECM) jurnalında dərc olunub.

Tədqiqatçılar iştirakçıların 17–60 yaş aralığında bədən çəkisindəki dəyişiklikləri izləyib və onları ölüm göstəriciləri ilə müqayisə ediblər. Müşahidə müddəti onilliklər çəkib: kişilər orta hesabla 23 ildən çox, qadınlar isə təxminən 12 il izlənilib.

Məlum olub ki, ən riskli dövr erkən yetkinlik yaşıdır — təxminən 17–29 yaş arası. Bu dövrdə artıq çəkisi olan insanlarda erkən ölüm riski normal çəki saxlayanlarla müqayisədə təxminən 70% daha yüksək olub.

Orta hesabla iştirakçılar ildə təxminən 0,4 kq çəki alıblar və bu, həyat boyu 15–20 kq artıma gətirib çıxarıb. Çəki artımı nə qədər sürətli olarsa, ölüm riski də bir o qədər yüksəlib — xüsusilə ürək-damar xəstəlikləri və diabet səbəbilə.

Alimlər bunu artıq çəkinin orqanizmə uzunmüddətli yük yaratması ilə izah edirlər. Bu vəziyyət xroniki iltihab, maddələr mübadiləsinin pozulması və ürəyə düşən yükün artması ilə əlaqələndirilir, bu da zamanla ciddi xəstəlik riskini artırır.

Qeyd olunur ki, xərçəng riskində fərqli nəticələr müşahidə olunub: qadınlarda çəki artımı istənilən yaşda riski yüksəldib ki, bu da hormonal dəyişikliklərlə izah edilə bilər.

Mütəxəssislər vurğulayırlar ki, əsas amil təkcə artıq çəki deyil, onun hansı yaşda yaranmasıdır. Çəki nə qədər erkən yığılmağa başlayırsa, orqanizm onun mənfi təsirinə bir o qədər uzun müddət məruz qalır.

Samir
 

Seçilən
12
hit.az

1Mənbələr