AZ

Hörmüz boğazındakı risklər enerji bazarında qiymət artımını sürətləndirir - AÇIQLAMA

Bakı, 15 aprel, AZƏRTAC

Enerji məhsullarının təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Nəzərə alsaq ki, bu boğazda yaranan çətinliklər birbaşa enerji bazarında təklifə təsir göstərir, bu isə enerji məhsullarının bazara çıxarılmasında ciddi texniki problemlər yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Hörmüz boğazı vasitəsilə daha çox Körfəz ölkələri öz enerji məhsullarını ixrac edir.

“Azərbaycan da daxil olmaqla bir sıra enerji ölkələri isə nefti dünya bazarlarına əsasən boru kəmərləri ilə çıxarır. Bu baxımdan, məhz Körfəz ölkələrinin bu boğazdan daha intensiv istifadə etdiyi və enerji məhsullarını dünya bazarına buradan çıxardığı müşahidə olunur. Eyni zamanda, bu boğaz təkcə enerji məhsullarının deyil, digər malların daşınması üçün də mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Yaxın Şərqdə baş verən müharibə qlobal bazarlarda digər məhsulların qiymətlərinə də təsir göstərir və artıq bir sıra məhsullar üzrə qiymət artımları müşahidə olunur. Əslində, Hörmüz boğazı ilə bağlı əsas çağırış ondan ibarətdir ki, qısa müddətdə alternativlər tapmaq çətindir. Çünki Körfəz ölkələri üçün daşınmalar əsasən bu boğaz vasitəsilə həyata keçirilir”, - deyə Vüqar Bayramov əlavə edib.

Deputat onu da qeyd edib ki, qısa müddətdə yeni kəmərlərin çəkilməsi və ya alternativ marşrutlardan istifadə imkanları məhduddur və bu bazara psixoloji təsir göstərir: “Təbii ki, strategiya mərhələli şəkildə bu boğazdan asılılığın azaldılması olmalıdır. Lakin bu, zaman tələb edir və nəticədə dünya bazarında neftin qiymətində artımlar müşahidə olunur. Baxmayaraq ki, İranla ABŞ arasında atəşkəslə bağlı müzakirələr başlayıb, buna rəğmən “Brent” markalı neftin qiyməti artıb. Bu isə onu göstərir ki, investorlar yaxın vaxtlarda Hörmüz boğazından tam istifadə olunacağına əmin deyillər. Bu da öz növbəsində investisiya qərarlarında müəyyən narahatlıq yaradır və birbaşa olaraq dünya bazarına, eləcə də neftin qiymətinə təsir edir”.

Seçilən
20
2
azertag.az

3Mənbələr