AZ

Ukraynanın inanılmaz HƏRBİ uğuru: müharibə tarixində İLK - Azərbaycan da...

Ukrayna müharibələr tarixində ilk dəfə olaraq yalnız yerüstü robot sistemləri və dronlardan istifadə etməklə düşmən mövqeyini ələ keçirib. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İşğalçılar təslim oldular. Əməliyyat piyadalardan istifadə etmədən və bizim tərəfimizdən itki vermədən həyata keçirildi”, - prezident bildirib.

Ukraynanın hərbi texnologiya sahəsində xeyli qabağa getməsinin sirri nədədir? Azərbaycan ordusunun arsenalında da robot birləşmələrin yaradılmasına hazırlıq gedirmi, buna ehtiyac varmı?

Hərbi ekspert Rövşən Məhərrəmov hesab edir ki, Ukraynanın bu əməliyyatı təkcə taktiki uğur deyil, müasir müharibə fəlsəfəsinin dəyişdiyini göstərən ciddi siqnaldır: “Əgər doğrudan da Zelenskinin dediyi kimi, əməliyyat yalnız robot platformalar və pilotsuz sistemlər vasitəsilə həyata keçirilibsə, bu, klassik “piyada ilə mövqe tutmaq” doktrinasının sarsıldığını göstərir. Burada əsas məsələ texnika deyil, konsepsiyadır. Ukrayna artıq döyüş meydanını insanlardan təmizləməyə, riski texnologiyanın üzərinə ötürməyə çalışır”.

Musavat.com-a açıqlamasında hərbi ekspert qeyd edib ki, bu yanaşma üç əsas istiqamətdə üstünlük yaradır: “Bu o deməkdir ki, döyüş meydanında insan itkisi faktoru sıfırlanacaq. Ən böyük strateji üstünlük canlı qüvvə itkisini minimuma endirməkdir. Bu, həm daxili ictimai rəyə təsir edir, həm də ordunun davamlılığını qoruyur. Dronlar və yerüstü robotlar gecə-gündüz fərqi olmadan işləyir, qorxu hissi yoxdur. Qarşı tərəf isə görünməyən düşmənlə üz-üzə qalır. Bu, ciddi psixoloji sarsıntı yaradır. Ukrayna artıq klassik silahlanma yarışından çıxaraq “ağıllı müharibə” mərhələsinə keçib. Bu isə daha az resursla daha böyük effekt deməkdir”.

Hərbi ekspertin sözlərinə görə, Ukraynanın uğuru təsadüfi deyil: “Bu uğurların arxasında Ukraynanın NATO ölkələrinin texnoloji və kəşfiyyat dəstəyindən maksimum istifadə etməsidir. Müharibə Ukraynada yüzlərlə hərbi texnologiya startapının yaranmasına səbəb oldu. Dron istehsalı faktiki olaraq “xalq səviyyəsinə” enib. Real cəbhədə test olunan texnologiyalar sürətlə təkmilləşir. Azərbaycanda da eyni texnologiyalara ehtiyac var və artıq gecikirik demək olar. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı dronların effektiv istifadəsi ilə dünyada nümunə yaratdı. Amma bu, yalnız başlanğıc idi. Müasir müharibə artıq növbəti mərhələyə keçir.

Robotlaşdırılmış quru bölmələri yaradılmalıdır. Tankın yerini tədricən pilotsuz zirehli platformalar ala bilər. Mina sahələrində, şəhər döyüşlərində bu sistemlər əvəzsizdir. Bu gün sürü (swarm) texnologiyası da gündəmdədir. Yəni, onlarla, yüzlərlə dronun eyni anda koordinasiyalı hücumu artıq mif deyil, reallıqdır. Bu texnologiyalardan istifadə hava hücumundan müdafiə sistemlərini iflic edə bilər”.

Lakin hərbi ekspertə görə, yeni texnologiyaların tətbiqində romantikaya da qapılmaq olmaz: “Çünki bu texnologiyaların çatışmazlıqları da var. Məsələn, elektron müharibə ilə asanlıqla bloklana bilər. Yeni texnologiyalar GPS və rabitə asılılığı kritik zəiflikdir. Tam avtomatlaşdırma etik və hüquqi problemlər yaradır. Yəni, bu, klassik ordunu tam əvəz etmir, onu tamamlayır. Gələcəyin müharibəsində qalib gələn tərəf daha çox əsgəri olan yox, daha ağıllı sistemlərə sahib olan tərəf olacaq. Azərbaycan bunu nəzərə almalıdır. Texnologiyanı ordunun mərkəzinə qoymalıyıq, əks halda, gələcək müharibələrdə sürprizlərlə üzləşəcəyik”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
34
50
musavat.com

10Mənbələr