AZ

Bakıda Avropa Atletikasına üzv federasiyaların konfransı başladı

Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işinə başlayıb.

90deqiqe.Az xəbər verir ki, tədbir çərçivəsində qitə atletikasının inkişaf perspektivləri və strateji istiqamətləri müzakirə olunur.

Açılış mərasimində çıxış edən Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasının fəaliyyətini yüksək qiymətləndirərək qurumun fəal tərəfdaş olduğunu bildirib. O, konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Gənclər və idman naziri Fərid Qayıbov bu kimi tədbirlərin beynəlxalq əməkdaşlığın genişlənməsinə və idmanın inkişafına mühüm töhfə verdiyini qeyd edib. Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov isə iştirakçıları Bakıda görməkdən məmnunluğunu ifadə edərək konfransın işinə uğurlar arzulayıb.

Tədbirin davamında Avropa Atletikasının İdarə Heyətinin sədri Kristian Mils qurumun yenilənmiş strateji yol xəritəsi, azarkeşlərin cəlb olunması və rəqəmsallaşma ilə bağlı layihələri təqdim edib.

Bundan əlavə, Sloveniya, İspaniya və Danimarka nümayəndələri strateji planların milli federasiyalarda tətbiqi ilə bağlı təcrübələrini bölüşüblər. Liderlər üçün təşkil olunan etika üzrə idarəetmə sessiyasında isə yarış manipulyasiyası, təhlükəsizlik, maraqlar toqquşmasının idarə olunması, eləcə də rəqəmsal transformasiya və data əsaslı monetizasiya məsələləri müzakirə olunub.

Qeyd edək ki, 32 ölkədən 50 nümayəndənin iştirak etdiyi konfransa sabah yekun vurulacaq.

Seçilən
23
90deqiqe.az

1Mənbələr