AZ

“Lufthansa”-da böhran: Pilotlar və kabin heyəti tətildə

Almaniya hava yolu şirkəti “Lufthansa”-da çalışan pilotların pensiya maaşları və iş şəraiti ilə bağlı yaranan fikir ayrılığı səbəbindən 48 saatlıq yeni tətil keçirəcəyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Almaniya pilot həmkarlar ittifaqı Vereinigung Cockpit (VC) tərəfindən verilən açıqlamada ana şirkət “Deutsche Lufthansa AG”, “Lufthansa Cargo” və “Lufthansa CityLine” tərkibində çalışan pilotların 16 aprel cümə axşamı yerli vaxtla saat 00:01-dən 17 aprel cümə günü saat 23:59-a qədər işi dayandıracağı qeyd olunub. 

“Eurowings” tərkibində çalışan pilotların isə 16 aprel tarixində 24 saatlıq tətil edəcəyi bildirilib. Almaniyadan qalxan reyslərə ciddi təsir göstərəcək tətil çərçivəsində Yaxın Şərq istiqamətli uçuşlar isə bölgədəki həssas vəziyyət səbəbindən istisna edilib. 

VC-nin rəhbəri Andreas Pinheiro işəgötürənin pensiya sistemləri və kollektiv əmək müqaviləsi ilə bağlı qəbul edilə bilən təklif təqdim etmədiyini bildirib: 

“Vəziyyət dalana dirənib. Prosesin müstəqil vasitəçi ilə həll olunması üçün arbitraj üsulunu təklif edirik”.

“Lufthansa” rəhbərliyi isə bütün məsələlərin müzakirə olunması şərti ilə vasitəçilik təklifinə açıq olduqlarını açıqlayıb. Pilotlarla yanaşı, Müstəqil Kabin Heyəti Təşkilatı həmkarlar ittifaqına bağlı təxminən 20 min kabin əməkdaşının da tətilə qoşulması nəticəsində Frankfurt və Munih kimi əsas mərkəzlərdə uçuş trafiki iflic olub. 

Təkcə həftənin əvvəlindən etibarən minlərlə reys ləğv edilib. Tətil dalğası “Lufthansa”-nın 100 illik yubileyi münasibətilə keçirilən və Almaniya kansleri Friedrik Mertsin iştirakı gözlənilən rəsmi tədbirlərə də kölgə salıb. 

Həmkarlar ittifaqlarının, bayram tədbirlərinin keçirildiyi şirkət qərargahı qarşısında genişmiqyaslı etiraz aksiyaları təşkil etməsi gözlənilir. 

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr