Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Astronomlar tarixin ən detallı Kainat xəritəsini tərtib ediblər.
Oxu.Az "New Scientist" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər beş il ərzində səmanı DESI (Qaranlıq Enerji Spektroskopiya Aləti) vasitəsilə müşahidə ediblər. Toplanan məlumatlar 47 milyondan çox qalaktika və kvazarı əhatə edir ki, bu da əvvəlki xəritələrin həcmindən təxminən 10 dəfə çoxdur.
Müasir avadanlıq ABŞ-nin Arizona ştatındakı Kitt-Pik Milli Rəsədxanasında quraşdırılıb və 2021-ci ildən etibarən kosmosun skan edilməsinə başlanılıb. İlkin mərhələdə tədqiqatçılar 34 milyon obyekti öyrənməyi planlaşdırsalar da, cihaz gözləntiləri üstələyərək daha böyük nəticə göstərib. Xəritədəki bəzi qalaktikalar o qədər uzaqdadır ki, onları cəmi 100-200 foton (işıq zərrəciyi) vasitəsilə qeydə almaq mümkün olub.
Hazırlanan xəritə hazırda səmanın 14 000 kvadrat dərəcəsini əhatə edir və komanda bu sahəni 17 000 kvadrat dərəcəyə qədər genişləndirməyi planlaşdırır. Qeyd edək ki, tam səma 41 000 kvadrat dərəcədən çox olsa da, onun böyük bir hissəsi Süd Yolu kimi parlaq obyektlərin kölgəsində qaldığı üçün müşahidəyə qapalıdır. Layihənin əsas mərhələsi tamamlanıb, lakin toplanmış nəhəng məlumat bazasının təhlili daha bir il davam edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.