AZ

Milli maraqları qətiyyətlə təmin edən lider

16 aprel 2024-cü ildən Rusiya sülhməramlıları ərazilərimizi birdəfəlik tərk etməyə başladılar

Azərbaycanın müasir tarixinə nəzər saldıqda Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasətin hər bir mərhələsinin milli maraqlarımızın qətiyyətlə qorunmasına xidmət etdiyinin şahidi oluruq. 2020-ci ilin payızında döyüş meydanında yazılan şanlı tarixlə işğala məruz qalmış dövlətdən qalib dövlətə çevrildik. Qarabağda separatizmin kökü həmişəlik kəsildi və Konstitusiyamızın bütün ərazilərimizdə hüquqi qüvvəsi bərpa edildi. 

Üç onillik boyu erməni vandalizminə məruz qalan Qarabağ və Şərqi Zəngəzur bu gün genişmiqyaslı quruculuq meydanına çevrilib. Dövlətimizin qətiyyəti sayəsində bu torpaqlara yenidən həyat qayıdıb. Bir zamanlar yurd-yuvasından didərgin düşmüş keçmiş məcburi köçkünlərin Böyük qayıdış karvanları yurda üz tutur. Bu gün həmin ərazilərdən silah səsləri yox, dirçəlişin sədaları eşidilir. Azərbaycanın öz suverenliyini tam bərpa etməsi həm də tarixi ədalətin yerini tapması oldu. Xalqımıza qarşı hərbi cinayətlər törətmiş erməniəsilli şəxslərin Bakıda ədalət mühakiməsi qarşısına çıxarılmaları və layiqli cəzalarını almaları bunun bariz sübutudur.

Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uğurlu strateji kursun ən parlaq nəticələrindən biri də 2024-cü ilin aprelində Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilmiş tarixi qərar oldu. 

Sülhməramlı missiyanın sonu

2020-ci il Vətən müharibəsindən sonra bölgədə vəziyyət yeni müstəviyə qədəm qoydu. Xatırladaq ki, həmin il 10 noyabr tarixdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən, bir vaxtlar erməni separatçılarının mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Həmçinin bəyanatda sülhməramlı kontingentin qalma müddətinin 5 il olduğu öz əksini tapmışdı.

Lakin üçtərəfli Bəyanatdan sonra proseslər heç də hamar getmirdi. Xüsusilə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında separatçıların Laçın yolu vasitəsilə mina daşıması və təbii sərvətlərimizin qanunsuz istismarı kimi hallara şərait yaradılması Azərbaycanın haqlı narazılığına səbəb oldu. 2022-ci ilin dekabrında azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda başlatdığı dinc etiraz aksiyası məhz bu qanunsuzluqlara qarşı idi. Bu aksiyalar Azərbaycanın öz sərvətlərinə sahib çıxmaq əzmini nümayiş etdirməklə yanaşı, suverenliyin tam bərpası üçün mühüm zəmin hazırladı. Belə ki, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə Qarabağda separatizmə son qoyuldu. Azərbaycan bayrağı Xankəndidə Zəfər meydanında dalğalandırıldı. 

Bununla da Rusiya sülhməramlılarının bölgədə qalması üçün heç bir zərurət qalmadı. Hər iki dövlətin rəhbərliyi kontingentin vaxtından əvvəl çıxarılması barədə razılığa gəldi və beləliklə, bu məsələ rəsmi şəkildə də təsdiqini tapdı. 

16 aprel 2024-cü ildə - vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etməyə başladı.

12 iyun 2024-cü ildə isə bu proses tamamilə yekunlaşdı. Rusların şəxsi heyəti və hərbi texnikası ərazilərimizi tərk etdi. Bu, Azərbaycanın diplomatik və siyasi qələbəsinin növbəti təsdiqi idi.

Zərgər dəqiqliyi ilə işlənmiş diplomatiya

Rusiya sülhməramlılarının çıxarılması qərəzli dairələrin "onlar heç vaxt getməyəcək" kimi əsassız proqnozlarını alt-üst etdi. Xatırladaq ki, 2020-ci il bəyanatına "müvəqqəti" statusunun daxil edilməsi məhz Prezident İlham Əliyevin israrlı və uzaqgörən taktikasının nəticəsi idi.

Dövlət başçısının "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fəlsəfəsi həm döyüş meydanında, həm də diplomatik masada özünü doğrultdu. Bəyanatın 4-cü maddəsində nəzərdə tutulan 5 illik müddətin tamamlanmasını gözləmədən bu nəticəyə nail olunması Azərbaycanın regionun lider dövləti olduğunu dünyaya nümayiş etdirdi.

 Hazırda bölgədə müşahidə olunan sabitlik şəraiti, normallaşma mühiti və faktiki sülhə nail olunması ölkəmizin bu istiqamətdə yürütdüyü qətiyyətli siyasətin yaratdığı reallıqlardır. Bu gün münaqişədən uzaq bölgə kimi çoxsaylı ölkələrin əməkdaşlıq üçün maraq dairəsinə düşən Cənubi Qafqazın Zəngəzur dəhlizi (TRIPP) kimi nəhəng layihələrin timsalında inkişaf və tərəqqi vəd edən strateji ünvana çevrilməsi də göz önündədir. Bütün bunlar Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, onun sülh gündəliyinə sadiqliyinin uğurlu nəticələridir.

Bir sözlə, Rusiya sülhməramlı kontingentinin ölkəmizi tərk etməsi mühüm  hadisə kimi tarixə düşdü. Sülhməramlıların vaxtından əvvəl ərazilərimizdən çıxması respublikamızın suverenliyinin və milli maraqlarının müzakirə mövzusu olmadığını ortaya qoydu. Qətiyyətlə sübut edildi ki, Azərbaycan öz torpaqlarında kənar heç bir hərbi baza saxlamayan müstəqil gücdür. 

Son altı il ərzində Cənubi Qafqazda cərəyan edən proseslər həm də Prezident İlham Əliyevin böyük hərbi-siyasi strateq və mahir diplomat olduğunu bir daha təsdiqlədi. Məhz Qalib liderin düşünülmüş və uzaqgörən siyasəti Azərbaycanı qısa müddətdə dünyanın qüdrətli ölkəsinə çevirdi.

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr