Azərbaycanda şəhərsalma mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Tarixin müxtəlif mərhələlərində ərazilərimizdə formalaşan şəhərlər həm yaşayış məntəqəsi, həm də ticarət, mədəniyyət və elm mərkəzləri kimi inkişaf edib. Müasir şəhərsalma siyasəti isə keçmişin zəngin irsini qorumaqla yanaşı, yeni dövrün tələblərinə uyğun davam etdirilir.
Şuşa, Gəncə, Şəki, Bakı, Naxçıvan və digər şəhərlərimiz şəhərsalma mədəniyyətinin ən parlaq nümunələridir. Bu şəhərlərdəki memarlıq abidələri ölkəmizin zəngin şəhərsalma ənənəsindən xəbər verir.
Azərbaycan bu il XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13 - World Urban Forum XIII) evsahibliyi edəcək. Belə bir tədbirin Azərbaycanda keçirilməsi respublikamızdakı şəhərsalma siyasətinin beynəlxalq səviyyədə diqqət mərkəzində olması ilə bağlıdır. Bu beynəlxalq tədbir Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri, yenilikləri və inkişaf planlarını dünya ilə bölüşmək üçün yaxşı fürsət olacaq. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın şəhərsalma, infrastruktur və beynəlxalq əməkdaşlıq sahəsində nüfuzunun artdığının göstəricisidir.
Hazırda Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Azad edilmiş ərazilərdə geniş bərpa və tikinti işləri davam edir. Şuşa, Füzuli, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, digər şəhər və rayonlarda həyata keçirilən layihələr müasir şəhərsalmanın uğurlu nümunəsidir. Bu, beynəlxalq səviyyədə qəbul olunan şəhərsalma prinsiplərinə uyğundur.
Ağdam şəhərinin Baş planı 2050-ci ilə qədər 100 min nəfərin yaşayışı üçün nəzərdə tutulub və burada əsasən bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Füzuli və Zəngilanda quraşdırılan "ağıllı işıqlandırma", tullantıların ayrılması və suyun yenidən istifadəsi sistemləri "yaşıl enerji"nin nümunəsidir. Bu layihələr Azərbaycanın 2030-cu ilə qədər karbon emissiyasını azaltmaq məqsədinə xidmət edən şəhərsalma planının həyata keçirilməsinin bir hissəsidir.
Prezident İlham Əliyev qeyd edib ki, quruculuq planlı və sistemli şəkildə aparılmalıdır: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq".
Qeyd edək ki, Baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Bu sənədə şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, buna məskunlaşma prosesinin tələbləri də şamil edilir. Baş planda xəritə-sxem üzərində əsas tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin elektrik, istilik, qaz və su təchizatı da proqnozlaşdırılmış əhali sayını nəzərə alaraq öz həllini tapır. Eyni zamanda avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdəki bütün şəhərlərin baş planları təsdiq edilib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı bu planlar təqdim olunub. Hər bir baş plan hazırlanarkən şəhərin özünəməxsusluğu və coğrafiyası nəzərə alınıb. Şəhərlərin baş planlarında yaşayış yeri, məşğulluq üçün imkanlar və ictimai-sosial rifah kimi konseptual əsaslar dayanır. Şəhərlərin hər biri mənzərəli landşaftı, ictimai məkanları, sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Bu mənada baş planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, "yaşıl enerji", "ağıllı şəhər" və bir çox digər müasir şəhərsalma yanaşması tətbiq olunub. İşğaldan azad edilmiş ərazilərdəki bütün şəhərlər strateji əhəmiyyətli yaşayış məntəqələri kimi inkişaf etdirilir.
Beləliklə, Azərbaycanda aparılan şəhərsalma siyasəti ölkəmizin yeni inkişaf modelinin əsas dayaqlarından biridir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr müasir, dayanıqlı və innovativ bir gələcəyin qurulması deməkdir. Böyük qayıdış çərçivəsində görülən işlər Qarabağ və Şərqi Zəngəzuru tədricən ölkəmizin ən perspektivli inkişaf zonalarına çevirir. Bu proses həm tarixi ədalətin bərpası, həm də gələcəyə doğru atılan mühüm addımdır.
Təhminə VERDİYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"