AZ

Azərbaycanın məşhur yəhudiləri...

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Tarix boyu yəhudilər uzun müddət öz milli dövlətləri olmadan, dünyanın müxtəlif bölgələrində icmalar halında yaşayaraq kimliklərini, dini ənənələrini və sosial institutlarını qorumağı bacarıblar. Yəhudi icmaları müxtəlif dövrlərdə fərqli çətinliklərlə üzləşsələr də, yüksək adaptasiya qabiliyyəti, təhsil və peşəkarlığa verdikləri önəm sayəsində bir çox ölkələrdə fəal və görünən mövqe tuta biliblər. Eyni zamanda, onlar yaşadıqları ölkələrin siyasi, elmi, mədəni və iqtisadi inkişafında mühüm rol oynayıblar. 

Azərbaycan da tarixən bu çoxşaxəli prosesin bir hissəsi olub. Əsrlər boyu ölkəmizdə yaşayan yəhudi icmaları yerli əhali ilə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində fəaliyyət göstərərək ölkənin ictimai-siyasi və mədəni həyatına öz töhfələrini veriblər. 

Modern.az Azərbaycanda doğulub boya-başa çatan və ölkənin müxtəlif sahələrində öz fəaliyyəti ilə tanınan yəhudi əsilli şəxsləri araşdırıb.

Yevda Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyət göstərib. Y.Abramov Milli Məclisin sabiq deputatıdır. Y.Abramov III, IV və V çağırış parlamentdə deputat kimi fəaliyyət göstərib və əsasən regionların sosial məsələləri ilə bağlı çıxışları ilə tanınıb.

Sabiq deputat 2019-cu ilin dekabrında vəfat edib.

Anatoli Rafailov Milli Məclisin VI və VII çağırış deputatı seçilib, hazırda da parlamentdə fəaliyyət göstərir. 5 fevral 1953-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. 4 fevral 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. 8 oktyabr 2024-cü ildə Milli Məclisdə Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Timur Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildə “Parni iz Baku” ("Bakılı oğlanlar") Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəri seçilib. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci ilin yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb.

T.Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. “VİD” telekompaniyasında müxbir, redaktor və rejissor kimi çalışıb, daha sonra “Tema”, “Dobriy veçer s Yuliyem Qusmanom” verilişlərinin rəhbəri olub, “Ças pik”, “İşu tebya” və müxtəlif verilişlərin müəllifi kimi fəaliyyət göstərib. 1998-ci ildə “VİD” telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə “Planeta KVN” proqramının və “KVN. 40 let shutya” serialının rejissoru olub. 2000-ci ildən Rusiya Milli Kinematoqrafiya mükafatı “Nika”nın, 2003-cü ildən isə “Slava” Rusiya Milli İdman mükafatının təqdimat mərasiminin prodüseri və rejissorudur. 2001-ci ildən “Lean M” Prodüser Mərkəzinin təsisçilərindən biri və baş prodüseridir. Rusiyada yaşayır və 20-dən çox film və seriala prodüserlik edib.

Moisey Vaynşteyn 1906-cı ildə Bakı quberniyasında anadan olub. 1930-cu ildə Musiqi Texnikumunu bitirib, 1934-cü ildə isə konservatoriyanın məzunu olub. Bakı Gənclər Teatrında (1928–1931), Qırmızı Ordu Teatrında (1931–1933) və Sanitar Mədəniyyət Teatrında (1933–1934) dirijor işləyib. 1934–1937-ci illərdə Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939–1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri olub, 1940–1941-ci illərdə Filarmoniyada fəaliyyət göstərib. O, dörd Azərbaycan xalq mahnısını fortepiano və skripka üçün uyğunlaşdırıb. Bununla yanaşı, violonçel orkestri üçün simfoniya (1955) və Veniamin Kamerinin əsərləri əsasında “Mişa, Maşa və Kaşey” uşaq operasının (1943) müəllifidir.

Harri Kasparov dünyaca məşhur qrosmeyster 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakıdakı 151 saylı orta məktəbi qızıl medalla bitirib. Daha sonra Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb.  1976-cı ildə gənclər arasında SSRİ çempionu olub. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda gənclər arasında dünya çempionu adını qazanıb. 1981-ci ildə şahmat üzrə SSRİ çempionu olaraq bu ada nail olan ən gənc şahmatçı olub. 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanıb və bu titulunu 2000-ci ildə Vladimir Kramnikə uduzana qədər qoruyub. 

Hazırda xaricdə yaşayır.

 

Yuli Qusman 1992-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti olmuş polkovnik-leytenant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olub. Azərbaycan Tibb Universitetində təhsil alsa da, kinorejissor, siyasətçi, teatr rejissoru, televiziya aparıcısı, KVN aktyoru, aktyor və ssenarist kimi fəaliyyət göstərib. O, Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı olan “Nika”nın təsisçisi və bədii rəhbəri, KVN münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresi Rəyasət Heyətinin üzvüdür. 1993-cü ildə Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi adına layiq görülüb və Azərbaycanın Xalq artistidir.

Mixail Qusman Yuli Qusmanın kiçik qardaşıdır. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib. Uzun müddət TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifəsində çalışıb. 2018-ci ildə “Qızıl çinar” beynəlxalq mükafatı laureatı olub.

Qod Nisanov 24 aprel 1972-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Bakıda Maliyyə-kredit Texnikumunu, daha sonra Hüquq İnstitutunu bitirib. 1990-cı ildə “AST” kampaniyasında işləməyə başlayıb. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birlikdə “Moskva” ticarət mərkəzini açıb, 2005-ci ildə “Biskvit” kompaniyasını və “Ukrayna” hotelini alıb. 2006-cı ildə “Avropa” hotelini açıb. 2000–2005-ci illərdə “Doymond Katters” MMC-də çalışıb. 2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqinin idarə heyətinin sədridir. 4 iyul 2011-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Telman İsmayılov 1956-cı ildə Göyçay rayonunda anadan olub. 1973–1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil aldığı bildirilsə də, bu məlumat sonradan təhsil müəssisəsi tərəfindən təkzib edilib. Onun tərəfindən Türkiyənin Antalya şəhərində beş ulduzlu “Mardan Palace” oteli inşa olunub. Otelin açılışı 23 may 2009-cu ildə baş tutub, mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dünya şöhrətli müğənnilər iştirak edib. Layihənin dəyəri 1,4 milyard dollar olub. Onun üç oğlu – Ələkbər, Sərxan və Elxan ailə biznesində fəal iştirak edir. 

Zarah İliyev 1966-cı il sentyabrın 8-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşında Moskvaya gedib. Əvvəlcə “Çeremuşka” adlanan ərazidə gül alveri ilə məşğul olub. Sonradan onun gül satdığı ərazidə “Panorama” ticarət mərkəzi tikilib və həmin mərkəzin sahibi Zarah İliyev olub. Özünü müxtəlif sahələrdə sınayan İliyev konyak ticarətinə başlayıb. Daha sonra “İzmaylovsk” bazarında bir neçə ticarət konteyneri alaraq onları icarəyə verməklə gəlir əldə edib. Tədricən biznesini genişləndirərək yeni sahələrə daxil olub.

1993-cü ildə “İliyev” firmasını yaradıb və bu firma vasitəsilə Çerkizovsk bazarının bir hissəsinə nəzarət edib. 2000-ci ildə Moskvadakı ən böyük topdansatış mərkəzlərindən biri olan “Moskva” ticarət mərkəzinin 57%-ni satın alıb. O, “Safra İnstruments” şirkətlər qrupunu yaradıb. 2008-ci ildə Beliz Respublikasında qeydiyyatdan keçmiş “Binston İnvestments Limited” də bu qrupa daxildir.

Həmçinin öz həmvətənləri ilə birlikdə Moskvada “Qrand” mebel mərkəzi, “Elektron Cənnət” ticarət mərkəzi və “Moskva” avtomobil mərkəzinin sahibidir. 

Qod Nisanov onun ən yaxın tərəfdaşlarından biridir. Qırmızı qəsəbədə qonşu olan Qod Nisanov və Zarah İliyev dostluqlarını sonradan uğurlu biznes ortaqlığına çeviriblər. Onların ən uğurlu layihələrindən biri “Avropa” ticarət mərkəzidir.

 

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda dünyaya gəlib.Tehran Universitetini elektrik mü­həndisliyi ixtisası üzrə bitir­ib. Sonralar ABŞ-a köçüb. 1959-cu ilə qədər ABŞ-da Massaçusets Tex­nologiya İnstitutunda və Kolumbiya uni­versi­tetlərində magistr, doktorluq elmi dərə­cələri alıb, pro­fessor kimi fəaliyyət göstər­ib. 1959-cu ildən Berkli Universitetində profes­sor, 1963-cü ildən isə Elektrik mühən­disliyi və kompüter elmləri kafedrasının rəhbəri işləyib. Həmin uni­ver­sitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

O, bir çox xarici ölkə akademiyalarının üzvü olub, çoxsaylı nüfuzlu cəmiyyət və fondların mükafatlarına layiq görülüb, müxtəlif medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilat tərəfindən fəxri doktor adına layiq görülüb. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən biri hesab olunur, təkcə 1990-2000-ci illərdə onun elmi işlərinə 36 mindən çox istinad olunub.

Onun altı əsas nəzəriyyəsi bu gün dünya elmində və istehsalatda geniş tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran əsas nəzəriyyə qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu yanaşma riyaziyyatda ənənəvi ikili çoxluq anlayışına yeni məzmun verərək qeyri-səlis çoxluq anlayışını ortaya qoyub. Qeyri-səlis ölçünün tətbiqi təbiətdə və cəmiyyətdə baş verən proseslərin qeyri-müəyyənliyini daha dəqiq nəzərə almağa imkan yaradır. Lütfi Zadə 2017-ci ildə, 96 yaşında vəfat edib.

Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakı şəhərində anadan olub. Harri Kasparovla eyni şahmat məktəbində təhsil alıb. Onun atası yəhudi əsilli Boris Şeyn neft-qaz mühəndisi, anası Leyla Rəcəbova isə ingilis dili müəllimidir. Atasının məşqçiliyi ilə 3 yaşından şahmat oynamağa başlayıb. Bakıdakı 160 nömrəli orta məktəbdə təhsil alıb. 2006-cı ilin mayında UNICEF-in Azərbaycan üzrə Milli xoşməramlı səfiri təyin edilib. 2001-ci ildən qrosmeysterdir. 

2001-ci ilin martında, 14 yaşında qrosmeyster adını qazanaraq dünya şahmat tarixinin ikinci ən gənc qrosmeysteri olub. 2003-cü ildə Linares turnirində o dövrün dünya birincisi Harri Kasparovu məğlub edərək dünya liderini məğlub edən ən gənc şahmatçı kimi tarixə düşüb. Həmin ildə Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində də qələbə qazanıb və nəticədə bir il ərzində üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmatçı kimi tanınıb.

Daha sonra da inkişaf edərək elit şahmatçılar sırasına yüksəlib. 2012-ci ilin noyabrında 2793 reytinq balı ilə dünya şahmatçılar siyahısında 4-cü yerə qədər yüksəlib.

2009, 2013 və 2017-ci illərdə Azərbaycan milli komandası ilə Avropa çempionu olub. 2017-ci ildə Cenevrə Qran Prisnin və 2019-cu ildə Dünya Şahmat Kubokunun qalibi olub.

Lev Landau 22 yanvar 1908-ci ildə Bakıda anadan olub. İlk təhsilini Bakı Politexnik Məktəbində və Azərbaycan Dövlət Universitetində alıb. O, nəzəri fizikanın bir çox sahələrində fundamental elmi töhfələr vermiş sovet fiziki kimi tanınıb. Onun nailiyyətləri sırasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq-Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsi, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinolar nəzəriyyəsi xüsusi yer tutur. Landau ifrat axıcılığın riyazi nəzəriyyəsinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Albert Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idi, sonradan Əmircan qəsəbəsinə köçmüşdülər. Onun atası Aqarun neftçi olub və uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət edib, daha sonra Suraxanıya qayıdıb.

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli və Laçın istiqamətlərində döyüşlərdə iştirak edib. Daha sonra tank komandiri kimi Şuşaya göndərilib. Şuşa uğrunda döyüşlərdə şəhərin müdafiəsində qalan son döyüşçülərdən biri olub.

Şuşa-Laçın yolunda şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qadınlar arasında şahmat üzrə beynəlxalq usta olan Lena Qlaz 1961-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. Hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi kimi fəaliyyət göstərir.

Emmanuil Vitorqan  29 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olmuş aktyordur. Rusiya Xalq artistidir. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Dram və Komediya Teatrında çalışıb. Yaradıcılığı 100-dən çox bədii filmdə canlandırdığı obrazları əhatə edir. O, həmçinin Azərbaycanın fəxri mədəniyyət işçisi adına layiq görülüb.

Tatyana Zatulovskaya 8 dekabr 1935-ci ildə Bakıda anadan olub. Şahmatla nisbətən gec, 14 yaşından məşğul olmağa başlayıb. İlk məşqçisi sonradan Azərbaycan çempionu və fizika professoru Azər Zeynallı olub.

Cəmi dörd il ərzində təcrübəsiz şahmatçıdan SSRİ çempionatının finalçısına qədər yüksəlib. İlk ittifaq turnirində dünya çempionu Yelizaveta Bıkova ilə 4-cü yeri bölüşüb. 

1962-ci ildə Riqada keçirilən SSRİ çempionatında birinci olduqdan sonra Bakı Şəhər Sovetinin deputatı seçilib. 1972-ci ilə qədər SSRİ komanda çempionatlarında Azərbaycanı təmsil edib.

Larisa Dolina 10 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Üç yaşında Bakıdan köçüb. Sovet və Rusiya estrada və caz müğənnisi, aktrisadır, Rusiya Federasiyasının Xalq artistidir. Musiqi karyerasına 1971-ci ildə “Biz odessitik” estrada orkestrində başlayıb. Daha sonra Konstantin Orbelyanın rəhbərliyi ilə Ermənistan Dövlət Estrada Orkestrində və Polad Bülbüloğlunun rəhbərliyi altında Azərbaycan Dövlət Estrada Ansamblında solist kimi fəaliyyət göstərib.

Vado Korovin 29 avqust 1972-ci ildə Bakıda anadan olub. “Şən və Hazırcavablar” klubunun “Bakılı oğlanlar” komandasında çıxışları ilə tanınıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion olub, 1995-ci ildə yay kubokunu qazanıb və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023–2026-cı illərdə Space TV-nin direktoru vəzifəsini icra edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
modern.az

2Mənbələr