Zərifə xanım Əliyeva yüksək elmi fəaliyyəti və misilsiz xidmətləri sayəsində Azərbaycan oftalmologiyasının dünya miqyasında tanınmasına yol açmışdır.
Akademik Zərifə xanım Əliyeva Azərbaycan səhiyyə elminin inkişafında müstəsna xidmətləri ilə seçilən alimlərimizdən biri olmuşdur. Onun tibbin oftalmologiya sahəsinə bəxş etdiyi dəyərli elmi töhfələr nəinki ölkəmizdə, bütün SSRİ məkanında bu sahənin inkişafında xüsusi rol oynamışdır. Öz dəst-xətti, novatorluğu ilə seçilən alim Zərifə Əliyeva yüksək elmi fəaliyyəti və misilsiz xidmətləri sayəsində Azərbaycan oftalmologiyasının dünya miqyasında tanınmasına yol açmışdır. Onun çoxşaxəli elmi-tədqiqat işləri bu gün də yüksək ixtisaslı gənc alim kadrların yetişməsində və oftalmoloq-həkimlərin ixtisaslaşmasında öz töhfəsini verir. Göründüyü kimi Zərifə Əliyeva elmin inkişafına xidmət göstərəcək tələbələrinə yol göstərən əbədi bir mayakdır. Yüksək intellekt sahibi, dəyərli ziyalı, böyük ictimai xadim, ustad həkim, tanınmış alim, akademik Zərifə Əliyevanın zəngin ömür yolunu izlədikcə sözün əsl mənasında göz önündə yüksək mənəvi xüsusiyyətlərin daşıyıcısı, ali insan təcəssümü canlanır. Lakin onun həyat amalını bununla nəhayətləndirmək əlbəttə ki, kifayət etməz.
Zərifə xanımın simasında mükəmməl Azərbaycan xanımının böyük obrazını görür, zərifliklə güclülüyün, fadakarlıqla sədaqətin örnəyinə, qüdrətli ana-qadın xarakterinə şahidlik edirik. Ulu Tanrıdan nəsibləndiyi ömür yoluna örnək yaşamı ilə sahiblənməyi bacardı. Yaradanın xalqımıza seçilmiş olaraq bəxş etdiyi Ümummilli Lider Heydər Əliyevə vəfalı həyat yoldaşı oldu, tutduğu çətin yolda hər zaman onungüclü dayağına, sirdaşı və silahdaşına çevrildi. Bu günə qədər Zərifə xanımın yüksək insani keyfiyyətləri haqqında ən gözəl fikirlər söylənilmiş, ən xoş xatirələr paylaşılmışdır.
Ulu Öndər Heydər Əliyev isə Zərifə xanım ömür yolunu və insani keyfiyyətlərini belə dəyərləndirmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Zərifə Əliyeva analıq vəzifəsini də heç vaxt unutmadı. Vətən məhəbbəti, vətənpərvərlik duyğuları və ən ali vətəndaşlıq tərbiyəsini mənəvi-dəyərlərlərimizin işığındaana sevgisinin qüdrəti ilə yetişdirdiyi övladına layiqincə ötürməyi bacardı. Bir ananın ən böyük bəxtəvərliyidir övladlarının xeyir əməllər sahibi olması, xalq tərəfindən sevilməsi, millət yolunda yüksək xidmətləri ilə tanınması. Zərifə Əliyeva ən əsası Azərbaycan tarixində onun neçə əsrlik tarixi dönəmini dəyişməyi bacaran və xalqımızın şanını ucaldaraq şərəfləndirən böyük insanın yetişdiricisi olaraq əbədiləşdi.
Dünya şöhrətli oftolmoloq çox sevdiyi Azərbaycanımızın işıqlı sabahlarına bu gün də onların gözü ilə şahidlik etməkdədir. Ulu Öndər Heydər Əliyevdən miras Azərbaycanımızın yüksəlişə doğru addımlarını və möhtərəm Prezidentimiz İlham Əliyevin işıqlı gələcək naminə müstəsna xidmətləri onun ruhunu hər zaman şad edir. Zərifə Əliyeva kimi Azərbaycan eliminin inkişafında xidmətləri, böyük fəaliyyətləri ilə iz qoyan dəyərli ziyalılarımız və alimlərimiz hər zaman yaddaşlarda qalacaq, bu günümüz və gələcək nəsillər üçün örnək olacaqdır.
Süsən Əliyeva
Neftçala rayonu


