AZ

Naxçıvanda özəlləşdirmədən 129 min manat vəsait daxil olub

Naxçıvan, 15 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 30 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, özəlləşdirmədən daxilolmalar 129 min manat təşkil edib, bundan 96,7 min manatı muxtar respublikanın büdcəsinə ödənilib.

Cari ilin üç ayı ərzində muxtar respublikada 25 hərrac keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 6,3 dəfə çox olub.

Naxçıvanda 2547 daşınmaz əmlak qeydiyyata alınıb

2026-ci ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 2547 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 14,8 faiz olub.

Qeydiyyata alınan əmlaklardan 1080-i torpaq sahəsi, 981-i fərdi yaşayış və bağ evi, 306-sı mənzil, 87-si qeyri-yaşayış binası, 90-ı qeyri-yaşayış sahəsi, 3-ü isə əmlak kompleksidir.

Cari ilin ötən dövründə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 543 min manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 min manat və ya 4,3 faiz artım deməkdir.

Daşınmaz əmlakla bağlı 2488 elektron müraciət daxil olub

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ictimai xidmətlərin sadələşdirilməsi, şəffaflığın artırılması və real vaxt rejimində istifadənin təmin olunması məqsədilə elektron xidmətlərin əhatə dairəsini genişləndirir.

Cari ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 2488 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 58 faiz artım qeydə alınıb.

Naxçıvanda 313 daşınmaz əmlak obyektinə ünvan verilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-mart ayları ərzində ümumilikdə 2060 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.

Hesabat dövründə əlavə olaraq 167 torpaq sahəsi, 47 qeyri-yaşayış binası, 42 mənzil, 36 qeyri-yaşayış sahəsi və 21 fərdi yaşayış evi olmaqla, ümumilikdə 313 yeni daşınmaz əmlak obyektinə ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.

Müxbir - Nail Əsgərov

Seçilən
18
azertag.az

1Mənbələr