AZ

Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi siyasət beynəlxalq səviyyədə diqqətçəkən modelə çevrilir - ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Müasir dünyada urbanizasiya proseslərinin sürətlənməsi, iqlim dəyişiklikləri, resursların məhdudluğu və sosial çağırışlar şəhərsalma siyasətinin daha çevik və innovativ əsaslar üzərində qurulmasını zəruri edir. Bu baxımdan Ümumdünya Şəhərsalam Forumu (WUF13) qlobal şəhər gündəliyinin müəyyənləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və dayanıqlı inkişaf modellərinin təşviqi baxımından mühüm platforma kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi siyasət artıq regional çərçivədən çıxaraq beynəlxalq səviyyədə diqqətçəkən modelə çevrilməkdədir: “Ölkəmizin bu sahədə əsas prioritetləri dayanıqlı inkişafın təmin olunması, innovativ texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunması və regionlararası balansın gücləndirilməsidir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın şəhərsalma siyasətində keyfiyyətcə yeni mərhələ formalaşdırıb. Bu ərazilərdə sıfırdan qurulan yaşayış məntəqələri müasir urbanistika prinsiplərinə uyğun şəkildə layihələndirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan bu məkanlarda rəqəmsal idarəetmə, alternativ enerji mənbələrindən istifadə, ekoloji təmiz nəqliyyat və yüksək keyfiyyətli sosial infrastruktur əsas komponentlər kimi çıxış edir. Bununla yanaşı, tarixi-mədəni irsin qorunması və təbii landşaftın saxlanılması da prioritet istiqamətlər sırasındadır”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanda şəhərsalma siyasəti beynəlxalq prinsiplərə uyğun şəkildə formalaşdırılır və bu istiqamətdə UN-Habitat tərəfindən müəyyən edilmiş yanaşmalar əsas götürülür: “Xüsusilə dayanıqlı inkişaf məqsədləri çərçivəsində şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olması əsas hədəflərdən biridir. Bu kontekstdə şəhər mühitinin insanyönümlü təşkili, ictimai məkanların genişləndirilməsi, yaşıl zonaların artırılması və resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir”.

Deputatın sözlərinə görə, son illərdə həyata keçirilən şəhərsalma layihələri yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır: “Bu layihələrin əsas məqsədi vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi, sosial rifahın gücləndirilməsi və iqtisadi aktivliyin artırılmasıdır. Bakı şəhərində və regionlarda müasir yaşayış komplekslərinin tikintisi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yeni park və istirahət zonalarının yaradılması, eləcə də rəqəmsal xidmətlərin genişləndirilməsi bu siyasətin praktiki nəticələri kimi qiymətləndirilir”.

A.Hüseynov əlavə edib ki, şəhərlərin dayanıqlı inkişafını təmin etmək məqsədilə Azərbaycanda bir sıra mühüm dövlət proqramları və strateji sənədlər qəbul olunub: “Bu sənədlər regionların kompleks inkişafını, şəhər və kəndlər arasında sosial-iqtisadi fərqlərin azaldılmasını, ətraf mühitin mühafizəsini və enerji səmərəliliyinin artırılmasını nəzərdə tutur. Xüsusilə “yaşıl şəhər” yanaşmasının tətbiqi, enerjiyə qənaət edən tikinti standartlarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin təşviqi dövlət siyasətinin əsas istiqamətlərindəndir”.

Deputat bildirib ki, müasir şəhərsalma yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır, burada ictimai iştirakçılıq da mühüm rol oynayır: “Bu baxımdan vətəndaşların rəy və təkliflərinin nəzərə alınması, açıq məlumat platformalarının yaradılması və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi şəhərsalma prosesinin daha şəffaf və effektiv təşkilinə imkan yaradır”.

Onun sözlərinə görə, Azərbaycanın şəhərsalma təcrübəsi artıq beynəlxalq səviyyədə maraq doğurur və WUF13 çərçivəsində təqdim olunan layihələr ölkəmizin bu sahədə əldə etdiyi uğurların nümayişidir: “Bu təcrübə xüsusilə post-münaqişə dövründə şəhərlərin yenidən qurulması, “ağıllı” və “yaşıl” həllərin tətbiqi baxımından bir çox ölkələr üçün nümunə ola bilər”.

A.Hüseynov vurğulayıb ki, qarşıdakı dövrdə Azərbaycanın şəhərsalma siyasəti daha da təkmilləşdiriləcək, innovativ texnologiyaların tətbiqi genişləndiriləcək və ölkəmiz qlobal şəhər gündəliyində fəal iştirakını davam etdirəcək. Onun fikrincə, bu yanaşma Azərbaycanın şəhərlərini daha dayanıqlı, rəqabətqabiliyyətli və insanyönümlü inkişaf modelinə çevirəcək.

Müxbir - Vüqar Qurbanoğlu

Seçilən
13
azertag.az

1Mənbələr