BAKI, 16 aprel. TELEQRAF
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Azərbaycanın çoxəsirlik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və fövqəladə halların qarşısının alınması sahəsində dayanıqlı və təhlükəsiz urban mühitin formalaşdırılması ” mövzusunda seminar keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
FHN-in Aran Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının, eləcə də ərazidə yerləşən şəhər və rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, tikinti şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.
Çıxış edən digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.