AZ

Azərbaycan Kooperasiya Universitetinin tələbələrinə Ədəbiyyat Muzeyində  açıq dərs

Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin III kurs tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

“Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan eksponatlar əsasında açıq dərs keçirilib. 

Muzeyin şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova “Müasir şəraitdə muzey işinin idarəçilik prinsipləri” mövzusunda tələbələrə məruzə edib. Məruzəçi “Muzey və arxiv işinin menecmenti” fənninin tədrisində sürətlə dəyişən dünyada muzeylərin sosial-mədəni institut kimi fəaliyyətinin təhlil olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, muzeylərin texniki-təchizatı müasir muzey fəaliyyətinin səmərəli təşkilində əsas amil hesab olunur və eksponatların idarə olunması keyfiyyətini müəyyən edir.

Məruzədə rəqəmsal texnologiyaların tətbiqi muzeylərin fəaliyyətini optimallaşdıraraq, fondların elektron qeydiyyatı, inventarizasiyası və təhlükəsiz saxlanması imkanlarının artırılması haqqında məlumat verilib.

Sonra muzeyin “Muzeyşünaslıq və fond işi” üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva inkişaf etmiş infrastruktura malik muzeylərin yalnız eksponatların saxlanıldığı məkanlar deyil, həm də elmi tədqiqat, təhsil və beynəlxalq əməkdaşlıq platformaları olduğunu tələbələrə izah edib. O, muzey eksponatları əsasında mədəni irsin qorunması və yeni texnologiyaların tətbiqi barədə ətraflı məlumat verib. Texniki-təchizatın müasir səviyyədə təmin olunmasının ziyarətçi axınının idarə olunmasında mühüm rol oynadığını deyən Kəmalə Nuriyeva muzeylərə tamaşaçı cəlbetmə yollarında muzey ekspozisiyasının təşkilini xüsusi qeyd edib.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr